Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3192/2024 10.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 10 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 16(008)-41/2023 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin cümə günü saat 14:00-dan saat 18:00-adək icra məmurunun iştirakı ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması və ünsiyyətə maneçilik törədilməsinin Şəxs qadağan edilməsi qət edilmiş, lakin borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X7 göstərmişdir ki, Şəxs görüş günlərinin hər birində övladları X5 və X4 icra şöbəsinə gətirərək Zərərçəkmiş şəxs ilə görüşməsini təmin etmiş, lakin uşaqlar özləri hər görüşdə atasından ayrılmayaraq anası ilə görüşmək istəmədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs uşaqların atalarının təsiri altında olduğundan onunla görüşməkdən imtina etdiyini bildirdiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından bir gün belə yayınmamışdır. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş gündə və saatda uşaqlarının anası ilə görüşməsini təmin etmək üçün onları icra şöbəsinə gətirmiş, lakin uşaqlar ağlayaraq anaları ilə görüşmək istəmədiklərini bildirmiş və anaları ilə görüşməkdən imtina etmişlər. O, uşaqlarına anaları ilə görüşməmələri üçün heç bir təsir göstərmir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, onun övladları ilk görüşdə onunla normal görüşsə də, sonrakı görüşlərdə onunla görüşməkdən imtina etmişlər. Hesab edir ki, ataları uşaqlara psixoloji təzyiqlər göstərdiyindən uşaqlar onunla görüşməkdən imtina edirlər. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs barəsində inzibati qaydada icraat aparılan şəxsin uşaqları görüş günləri icra şöbəsinə gətirdiyini, lakin uşaqların atalarının təsiri altında olduqlarından onunla görüşməkdən imtina etdiklərini bildirmişdir. Məhkəmə iclasında uşaq X5 anası ilə görüşmək istəmədiyini, atasının bu barədə ona bir söz demədiyini, özü anası ilə vaxt keçirmək istəmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 16(008)- 41/2023 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin cümə günü saat 14:00-dan saat 18:00-adək icra məmurunun iştirakı ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması və ünsiyyətə maneçilik törədilməsinin Şəxs qadağan edilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-41/2023 saylı, 06 fevral 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və tələbin könüllü icrası haqqında bildiriş Şəxs ünvanına göndərilmişdir. 28 fevral 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-1731/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdi. Şəxs tərəfindən verilmiş 10 may 2024-cü il tarixli izahatdan görünür ki, o, uşaqlarını vaxtlı-vaxtında icra şöbəsinə gətirdiyini bildirmişdir. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlarıdan görünür ki, hər iki uşaq Şəxs tərəfindən təyin olunmuş gün və saatda İcra Şöbəsinə gətirilmiş, lakin uşaqlar anaları ilə görüşməkdən imtina etmişlər. 24 fevral 2023-cü il tarixli 11/629 nömrəli Ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 hal-hazırda atası Şəxs bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla anası Zərərçəkmiş şəxs bağlılığı müəyyən edilməmişdir. xx.xx.2018-ci il təvəllüdlü X2 yaşı ilə əlaqədar (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, məhkəmə iclasına dəvət olunan uşağın fikrini, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 16(008)- 41/2023 saylı icra sənədi üzrə Zərərçəkmiş şəxs övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin cümə günü saat 14:00-dan saat 18:00-adək icra məmurunun iştirakı ilə ünsiyyətdə olmaq hüququnun təmin olunmalıdır. Məhkəmə iclasında həm icra məmurunun, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərçəkmiş şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş günlərdə övladları X5 və X2 anası ilə görüşmələrinin təmin edilməsi məqsədi ilə onları icra şöbəsinə gətirmiş, lakin uşaqlar özləri anaları ilə görüşməkdən imtina etmişlər. Bununla yanaşı, iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş aktlarla da görüş günlərində Şəxs X5 və X4 icra şöbəsinə gətirməsi, lakin uşaqların anaları ilə görüşməkdən imtina etməsi təsdiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs özü də uşaqların atası tərəfindən icra şöbəsinə gətirildiyini, uşaqların onunla görüşmək istəmədiklərini, lakin uşaqların psixoloji təzyiq altında olduqlarını və ataları tərəfindən öyrədildiklərini bildirmişdir. Zərərçəkmiş şəxsin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin icra vərəqəsinə və icra məmurunun qanuni tələbinə əsasən Şəxs məhkəmə aktı ilə müəyyən edilmiş görüş günlərində uşaqları anaları ilə görüşməyə gətirdiyindən və icra sənədinin icrasını təmin etmək üçün öz tərəfindən tələb olunan addımı atdığından uşaqların özlərinin anaları ilə görüşmək istəməmələri və zərərçəkmiş şəxsin uşaqların atası tərəfindən psixoloji təsirə məruz qalmalarını ehtimal etməsi Şəxs əməlində inzibati xəta tərkibin olması kimi qiymətləndirilməməklə şəxsin məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə aktını nəinki üzrsüz səbəbdən, ümumiyyətlə icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun məhkəmə aktını vaxtında icra etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə aktı əsasında verilmiş icra sənədini vaxtında və lazımi qaydada icra etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3192/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3192/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver