Məhkəmə qərarları › İş №3(008)-3200/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3200/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3200/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin nümayəndəsi X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 23 yanvar 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1722/2023 saylı, 22 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü Gülmirzə-zadə Təvəkkül Məmməd oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Gülmirzə-zadə Davud Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmağı qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış və onun 2316 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin nümayəndəsi X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ruhi xəstə olmaqla müalicədə olduğunu, hal-hazırda işləyə bilmədiyini, əvvəllər işlədiyi yerlərdən də səhhətinin pisləşdiyinə görə çıxdığını qeyd edərək aliment məbləğindən ötən müddət ərzində heç bir ödəniş edilməməsi nəzərə alınaraq inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, hal-hazırda ruhi-əsəb xəstəsi olması ilə əlaqədar müalicə alır. Bu səbəbdən də hal-hazırda işləyə bilmir. Bir neçə dəfə işləməyə cəhd etsə də, iş yerində səhhətinin pisləşməsi səbəbindən işi dayandırmaq məcburiyyətində qalmışdır və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılmışdır. Bununla belə o, icra sənədi üzrə ödənişləri etməkdən boyun qaçırmır. Səhhətinin yaxşılaşacağı halda alimenti ödəyəcəyinə söz vermişdir. Xahiş edir ki, göstərilən hallar məhkəmə tərəfindən nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bu günədək ona aliment məbləğindən hər hansı ödəniş edilmədiyini, Şəxs xəstə olduğunu bildiyini və bunu nəzərə aldığını, lakin eyni zamanda uşaqlara təkbaşına baxmaqda maddi olaraq çətinlik çəkdiyini qeyd edərək aliment məbləğinin müəyyən hissəsinin də olsa, aylıq olaraq ödənilməsini xahiş etmiş, Şəxs həbs edilməsini istəmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1722/2023 saylı, 22 fevral 2023cü il tarixli icra vərəqəsinə əsasən Şəxs X1 xeyrinə xx.xx.2008-ci il təvəllüdlü Gülmirzə-zadə Təvəkkül Məmməd oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Gülmirzə-zadə Davud Məmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulmağı qət edilmişdir. “İcraata başlama haqqında” 07 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1722/2023 saylı, 22 fevral 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar (ambulator) xəstənin tibbi kartının 22 aprel 2023-cü il tarixli çıxarışından görünür ki, Şəxs dissosiativ-konversion pozuntu aşkar olunur. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 18 aprel 2023-cü il tarixli və 12 iyun 2023-cü il tarixli izahatlarında o, icra sənədinin icrasından xəbərdar olduğunu, ruhiəsəb xəstəsi olduğuna görə müalicə aldığından və işləyə bilmədiyindən alimenti ödəyə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra şöbəsinin nümayəndəsinin izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs nevroloji xəstə olmaqla halhazırda müalicə alması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs hazırda xəstəliyi ilə əlaqədar müalicədə olduğundan, sağlamlıq durumu ona işləməyə imkan vermədiyindən, yəni üzrlü səbəbdən işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən hər hansı ödəniş edə bilməmişdir ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 02 aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs hazırda xəstəliyi ilə müalicədə olması, bu səbəbdən işləməməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar