Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3204/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X5 nümayəndəsi X1, Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451 və 452.3cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən aptekdə 05 iyun 2023-cü il tarixdə nəzarət markası ilə markalanmalı olan dərman vasitələrinin markalanmadan satışı və aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X6 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 451 və 452.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmasına dair 05 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” X5 nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə öz ifadəsində bildirdi ki, inzibati xəta haqqında protokolla razıdır. Gələcəkdə belə nöqsanlara yol verilməyəcəkdir. Xahiş edir ki, Azərbaycan Respublikası İXM-nin 451 və 452.3-cü maddələrində nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tətbiq olunması barədə qərar qəbul edilsin. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 05 iyun 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus aptekdə 05 iyun 2023-cü il tarixdə nəzarət markası ilə markalanmalı olan dərman vasitələrinin markalanmadan satışı və aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. 19 aprel 2023-cü il tarixli yoxlama aktından görünür ki, 19 aprel 2023-cü il tarixdə Şəxs MMC-yə məxsus aptekdə yoxlama keçirilərkən əczaçılıq fəaliyyəti ilə əlaqədar sertifikasiyaya dair tələblərin yerin yetirilmədiyi, aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olunmadığı və bununla da aptek təşkilatlarina dair tələblərin yerinə yetirilmədiyi və “Finazil” krem, “Trendilin Retard” və “kavinton” adlı dərman vasitələrinin nəzarət markası ilə markalanmadan satışı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 451-ci maddəsinə əsasən nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC tərəfindən dərman vasitələrinin bir qismi nəzarət markası ilə markalanmamış, o cümlədən, dərman vasitələrinin birbaşa döşəmədə yerləşdirilməsi, sanitar qovşağının sanitar normalara cavab verməməsi, əzcaçılıq soyuducusunun olmaması müəyyən edilməklə aptek təşkilatlarına dair tələblər pozulmuşdur. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 451 və 452.3-cü maddələri ilə təqsirli bilinməli və barəsində həmin məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin məcəllənin 52.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İXM-nin 451-ci maddəsində nəzərdə tutulmuş əlavə tənbeh tətbiq edilmiş əsas tənbehə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində nəzarət markası olmayan dərmanlar müsadirə edilməklə 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3204/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3204/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver