Məhkəmə qərarları › İş №3(008)-3242/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3242/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3242/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ev 126, mənzil 68-də qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2, 342.3 və 342.9-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “SUZUKİ GSX 1300 PK9” markalı, 10B697 dövlət qeydiyyat nişanlı motosikli dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edərək idarə etmişdir. Bu səbəbdən Şəxs barəsində 327.1, 342.2.2, 342.3 və 342.9-cu maddələri ilə İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə onu Sabunçu rayonu ərazisində guya avtoxuliqanlıq etməsi səbəbi ilə saxlayıblar. O, avtoxuliqanlıq etməmişdir. İçkili olduğunu yoxlayıblar, sərxoş olmadığı müəyyən edilmişdir. Polis əməkdaşlarından protokol tələb etmişdir. Motosikli duracağa aparmaq istəyəndə 102 xidmətinə zəng etmişdir. 102 xidmətinə zəng etməyi onları əsəbləşdirmişdir. Polis əməkdaşı ona 3-4 maddə yazacağını bildirmişdir. Sənədləri yerində olmuş, manevr qaydalarını pozmamışdır. Motosiklin səsini qulaqla ölçülmədiyini və xüsusi cihazla ölçüldüyünü bildirmişdir. Motosiklin şəklini yuxarıdan çəkərək ona bildirmişlər ki, motosiklin dövlət qeydiyyat nişanı görünmür. Video yuxarıdan çəkildiyi üçün dövlət qeydiyyat nişanı aydın görünmür. Məhkəmədən heç bir inzibati xəta törətmədiyinə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Nizami RPİ-nin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəməyə gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 6102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 3(007)-6102/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1275/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, texnika sahəsində xüsusi bilik tələb edən məsələ ilə bağlı olduğundan, işin faktiki hallarının araşdırılması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsinin tələbinə uyğun qaydada mütəxəssisə müraciət olunaraq texniki rəy alınması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin xx.xx.2024-cü il tarixli texniki rəyindən görünür ki, təqdim edilən sənədlər, şəkillər və videogörüntülər əsasın İXM-in maddələrinə uyğunluğunu və ya pozuntu müəyyən etmək çətindir. İddiaçının təqdim etdiyi videogörüntüdə dövlət nömrə nişanının istənilən məsafədən görünüşünə maneəçilik olmadığı qeyd edilir və şaquli vəziyyətdədir. Polisin təqdim etdiyi videogörüntüdə isə dövlət nömrə nişanı şaquli formada deyil arxaya əyilmiş formada görünür. Səsboğan üzərində qaynaq tikişi olduğunu əsas götürərək, konstruksiyaya müdaxilə olunduğu deyilir. Sayrışan işıqlar, səs siqnalları barədə isə hər iki tərəfin qeydləri yoxdur. Dövlət nömrə nişanının standartlara uyğun hissəyə və zavod üsulu ilə müəyyən edilmiş formada bağlanmasını, konstruksiyada dəyişdirilən səsboğanın və onun elementlərinin müəyyənləşdiriməsi üçün iddiaçının, Suzuki GSX 1300 RK9 motosikl şirkətinin və ya Bakı şəhərində motosikl satışını həyata keçirən müəssisələrinin əməkdaşları və maraqlı tərəflərin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilməli, səsboğanın zavod-istehsalçısının və ekoloji tələbatlara uyğunluğunu müəyyən etmək üçün videoyazı və şəkillər əsasında deyil, xüsusi sertifikatlaşdırılmış, lisenziya verilmiş və işlək vəziyyətdə olan qurğuların köməyi ilə ölçülərək, müqayisə edilməlidir. Hazırda Azərbaycan Texniki Universitetində bu cür qurğular mövcud olmadığından, belə ölçmələr Azərbaycan Respublikası DİN BDYPİ-nin texniki baxış mərkəzlərində, müvafiq lisenziyaya malik olan ixtisaslaşdırılmış avtoservis müəssislərində aparıla bilər; işıq və səs siqnallarının normaya uyğunluğu, onların istismarı müvafiq qanunverciliyə uyğun istifadəsi müəyyən edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1275/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 342.2.2, 342.3 və 342.9-cu maddələri ilə tərtib olunmuş 17 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilməyərək motosiklin qeydiyyat nişanını gizlətmədiyini, motosiklin üzərinə qurğunun zavodda istehsalı olmasını və motosiklə heç bir əlavə cihaz və ya qurğu əlavə etmədiyini bildirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini qeyd etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğunun onun tərəfindən əlavə edilməsi və yaxud motosikletin üzərinə zavod üsulu ilə qoyulması, nəqliyyat vasitəsinin avadanlığını dəyişdirilib-dəyişdirilməsini araşdırılması məqsədi ilə müraciət edilmiş xüsusi biliyə malik olan mütəxəssisin rəyində belə mütəxəssis “təqdim edilən sənədlər, şəkillər və videogörüntülər əsasında İXM-in maddələrinə uyğunluğunu və ya pozuntu müəyyən etmək çətindir.” münasibətini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkib əlamətinin olmasına dair əsaslı ziddiyyət yarandığından, eləcə də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 342.9-cu maddədən əlavə Azərbaycan Respublikası İXM-nin 327.1, 342.2.2 və 342.3-cü maddələri ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun Azərbaycan Respublikası İXM-nin 327.1, 342.2.2 və 342.3-cü maddələri ilə məsuliyyət məsələsinə baxıla bilməz. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin X1 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Məhkəmə izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki,, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.2.2 və 342.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən tərtib olunmuş protokola həmin hissədə baxılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin X1 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar