Məhkəmə qərarları › İş №3(008)-3258/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3258/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3258/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş 13.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 15742 (on beş min yeddi yüz qırx iki) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 08.07.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 15742 (on beş min yeddi yüz qırx iki) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati iş materiallarında olan "xxxx" ASC-nin 09.07.2021-ci il tarixli, M/12-5264 saylı məktubun surətindən görünür ki, siyahıda təqdim olunan müştərilər vəsaitini "xxxx" ASC -də olan bank hesablarından müvafiq rekvizitlər üzrə avans ödənişlər aparılmışdır. Lakin 02 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiq edən sənədlər təqdim olunmamış və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunmuşdur. Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi məhkəmə iclasında müəyyən edilmişdir ki, «VDV Holding MSC” MMC 08.07.2019-cu il tarixdə 15742 (on beş min yeddi yüz qırx iki) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, “Azərbaycan Respublikasının rezident və qeyri rezident həmin xarici valyuta əməliyyatlarının aparılması qaydaları”nın tələblərini pozaraq, ödəniş apardığı həmin tarixdən sonrakı 02 (iki) il müddətində 15742 (on beş min yeddi yüz qırx iki) ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya idxal olunan xidmətlərin göstərilməsi sənədini banka təqdim etməməklə 09.07.2021-ci il tarixdə İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə həmin hüquqi şəxsə İXM-nin bu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə tətbiq edilməlidir. Hesab edirəm ki, cərimə hesablamaları hadisənin törədildiyi tarixdə çıxarılmış valyutanın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Şəxs MMC-nə inzibati tənbeh olaraq hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 15742 (on beş min yeddi yüz qırx iki) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faiz) məbləğində, 3148,4 (üç min yüz qırx səkkiz, dörd) ABŞ dolları məbləğində (ödəniş gününə manata olan məzənnə ilə) inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar