Məhkəmə qərarları › İş №3(008)-3260/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3260/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3260/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin direktoru Qanuni nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X1 Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 00100-01217 nömrəli, 14 may 2025-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Bas Gömrük idarəsi Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinə Az1098, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) Bakı şəhəri ünvan 1 ünvanında saxlanılan “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda 1 gömrük bəyannaməsi üzrə (xx.xx.2025-ci il tarixli **********3541 sorğu nömrəli) rəsmiləşən yüklərin istifadə olunduğu barədə əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2025-ci il tarixli **********3541 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan dərman vasitələrinin bir hissəsinin anbarda mövcud olmadığı aşkarlanaraq aktlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, bəyan edilmiş 12120 ədəd “Meksisoft 500 mg” markalı dərman vasitəsindən 12000 ədədinin anbarda olduğu və 120 ədədinin istifadə edildiyi, 10890 ədəd “Eloks 10 ml” dərman vasitəsindən 7722 ədədinin anbarda olduğu və 3168 ədədinin istifadə edildiyi 5320 ədəd Lipofos Esse dərman vasitəsindən 3360 ədədinin anbarda olduğu və 1960 ədədinin istifadə edildiyi, 10880 ədəd Ravinit B dərman vasitəsindən 9024 ədədinin anbarda olduğu və 1856 ədədinin istifadə edildiyi aşkarlanmışdır. Aktın doğruluğu Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları və eləcə də şirkətin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********3541 sorğu nömrəli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş 8 nömrəli xx.xx.2025-ci il tarixli invoys üzrə “Meksisoft 500 mg” adlı dərman vasitəsi yükünün 1 ədədinin dəyəri 4,10 ABŞ dolları, “Eloks 10 ml” adlı dərman vasitəsi yükünün 1 ədədinin dəyəri 1,50 ABŞ dolları, “Lipofos Esse” adlı dərman vasitəsi yükünün 1 ədədinin dəyəri 9,23 ABŞ dolları, “Ravinit B” adlı dərman vasitəsi yükünün 1 ədədinin dəyəri 1,60 ABŞ dolları olmaqlaistifadə edilmiş 7104 ədəd dərman vasitəsinin dəyəri milli valyutaya nisbətdə 44717,5 (qırx dörd min yeddi yüz on yeddi manat, əlli qəpik) manat təşkil edən 26304,4 ABŞ (iyirmi altı min üç yüz dörd ABŞ dolları, dörd sent) dolları olduğu müəyyən edilmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan malların istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Qanuni nümayəndə izahat verərək təqsirli olduqlarını qəbul etdiyini, gömrük nəzarəti altında olan dərman vasitələrinin bir hissəsinin satıldığını bildirmişdir. Odur ki, yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsinin əməkdaşları və Şəxs MMC-nin nümayəndəsi Qanuni nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixli, **********3541 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlnac xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərə Bakı şəhəri ünvan 1 ünvanında baxış keçirilmiş və baxış zamanı bəyan edilmiş 12120 ədəd “Meksisoft 500 mg” markalı dərman vasitəsindən 12000 ədədinin anbarda olduğu və 120 ədədinin istifadə edildiyi, 10890 ədəd “Eloks 10 ml” dərman vasitəsindən 7722 ədədinin anbarda olduğu və 3168 ədədinin istifadə edildiyi 5320 ədəd Lipofos Esse dərman vasitəsindən 3360 ədədinin anbarda olduğu və 1960 ədədinin istifadə edildiyi, 10880 ədəd Ravinit B dərman vasitəsindən 9024 ədədinin anbarda olduğu və 1856 ədədinin istifadə edildiyi aşkarlanmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2 malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, gömrük nəzarəti altında olan mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qadağan olunmaqla göstərilən hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs MMC tərəfindən bu tələb pozulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin, yəni 44717,5 manatın 30% faizi məbləğində, yəni 13415,25 manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar