Məhkəmə qərarları › İş №3(008)-3270/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3270/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3270/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi döngə 2, ev 30-da qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsindən daxil olmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabuncu RPİnin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:45-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan ərazi xidmət aparan zaman ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Şəxs polis əməkdaşları tərəfindən 14-cü PŞ-yə dəvət edilmişdir. Şəxs narkotik vasitələrin istifadə edilməsində şübhələnildiyi üçün həmin tarixdə polis əməkdaşları tərəfindən Respublika Narkoloji Mərkəzinə müayinəyə aparılmışdır. Müayinə zamanı Opiodlərin qəbul etməsi aşkar olunmuşdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, o, ümumiyyətlə narkotik vasitə qəbul etməmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokol ilə razı olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3092 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidiyində MOP (+) aşkar edilmişdir. Şəxs Opidlərdən istifadə etməsi müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-803/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 1484/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs cəzanın çəkilməmiş hissəsindən 05 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 08 may 2024-cü il tarixdə 22:10-da inzibati qaydada tutulmuş və 10 may 2024-cü il tarixdə 21:00da azad edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan tibbi müayinənin nəticələrinə dair rəylə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən səmimi peşman olmasını iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materialları ilə Şəxs azadlığının 08 may 2024-cü il tarixdən 10 may 2024-cü il tarixədək inzibati qaydada tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə Şəxs tutulduğu 02 (iki) günü nəzərə alaraq hesab edir ki, inzibati həbs cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati həbsin başlanğıcı isə şəxsin hüquqlarının məhdudlaşdırıldığı 14 may 2024-cü il tarixdən hesablanmalı və Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 (iki) gün müddətinin inzibati həbsin 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 13 (on üç) gün müddətinə inzibati həbs cəzası saxlanılsın. Həbs etmənin əvvəli 14 may 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar