Məhkəmə qərarları › İş №3(008)-3281/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3281/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3281/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 09 iyun 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 may 2023-cü il tarixdə, saat 07:30 radələrində özünə məxsus “VAZ-21074” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində hərəkətdə olarkən ötmə əməliyyatı aparıb manevr qaydasını pozaraq qarşı yola çıxmış, əks istiqamətdə hərəkət edən “Mitsubishi Pajero” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuş, nəticədə sonuncu avtomobildə olan sərnişinlər X2 az ağır, Zərərçəkmiş şəxs isə yüngül bədən xəsarətləri almışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini bildirərək məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 13 may 2023-cü il tarixli, 993 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qaş nahiyyəsinin əzilmiş yarası, sağ yanaq və hər iki baldır nahiyyələrinin sıyrıqları müəyyən edilmişdir.Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 09 may 2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Zərərçəkmiş şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X3 tərəfindən tərtib edilmiş 09 iyun 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 may 2023-cü il tarixdə, saat 07:30 radələrində özünə məxsus “VAZ-21074” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsində hərəkətdə olarkən ötmə əməliyyatı aparıb manevr qaydasını pozaraq qarşı yola çıxmış, əks istiqamətdə hərəkət edən “Mitsubishi Pajero” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurub toqquşmuş, nəticədə sonuncu avtomobildə olan sərnişinlər X2 az ağır, Zərərçəkmiş şəxs isə yüngül bədən xəsarətləri almışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin iş materiallarında olan yazılı izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar