Məhkəmə qərarları › İş №3(008)-3342/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3342/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3342/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 16 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 253/2017 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixli, 2(041)-244/2013 saylı qətnamə ilə müəyyən edilmiş, xx.xx.2011-ci il doğum tarixli Mələyin yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyə edilməsi üçün Şəxs X2 xeyrinə tutulan 50 manat alimentin miqdarı artırılaraq 01 fevral 2017-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzrsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış, bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 protokolun dəlillərinə uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru əvvələr barəsində inzibati qaydada icraat aparılan şəxsin işlədiyini, daha sonra işdən çıxaraq bir müddət işsiz olduğunu, işlədiyi müddətdə alimenti ödədiyini, indi isə arada bir neçə ay ödəmədiyini, ümumi aliment borcunun 500 manat təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, alimenti ödəməkdən yayınmır. İşsiz olması ilə əlaqədar arada bir neçə dəfə aylıq ödəniş edə bilməsə də, mütəmadi olaraq alimenti ödəyir. Sonuncu ödənişi 2 ay bundan qabaq həyata keçirmişdir. O, 15-20 gündür ki, yeni işə başlayıb və növbəti ayın əvvəlində aliment üzrə yığılmış borcu tam ödəyəcəyinə söz verir. O, heç bir zaman alimenti ödəməkdən qəsdən və ya qərəzli olaraq yayınmamışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs sistemdə onun “X8” MMC-də işləməsinin göstərilməsinə baxmayaraq artıq iki ildir ki, həmin şirkətdə işləmədiyini, sadəcə adının hələ də sistemdə qaldığını bildirmiş, bu hal icra məmuru tərəfindən də təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gədəbəy Rayon Məhkəməsinin 2(042)-253/2017 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixli, 2(041)-244/2013 saylı qətnamə ilə müəyyən edilmiş, xx.xx.2011-ci il doğum tarixli Mələyin yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyə edilməsi üçün Şəxs X3 xeyrinə tutulan 50 manat alimentin miqdarı artırılaraq 01 fevral 2017-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən edilmişdir. “İcraata başlama haqqında” 10 aprel 2017-ci il tarixli surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-253/2017 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, icraata başlamaq haqqında qərar xx.xx.2017-ci il tarixdə Şəxs tərəfindən imzalanaraq qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. xx.xx.2017-ci i tarixli 104607/27 saylı xəbərdarlıqdan görünür ki, Şəxs alimenti ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Şəxs tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli izahatda şəxs 204 manat məbləğində aliment ödədiyini və 600 manat aliment borcunun olduğunu, həmin borcu yaxın zamanda ödəyəcəyini qeyd etmişdir. Sabunçu Rayon İcra Şöbəsinin Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin rəisinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 41108/27 saylı və xx.xx.2023-cü il tarixli, 104607/2017 saylı məktublarda Şəxs çağırışlara gəlmədiyi və icra sənədinin icrasının təmin edilməsi məqsədilə şəxsin İcra Şöbəsinə gətirilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. xx.xx.2017-ci il tarixli iltizamda Şəxs 900 manat aliment borcunun olduğunu və müəyyən olunmuş vaxta qədər onun bir hissəsini ödəyəcəyini, ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağıdan xəbərdar olduğunu qeyd etmişdir. Şəxs xx.xx.2022-ci il tarixli izahatına əsasən o, icra sənədinin icrasından xəbərdardır, həmin vaxta 350 manat borcu var və elə həmin ay borcunu ödəyəcəkdir. xx.xx.2022 və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini müəyyən edilmiş vaxt ərzində icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli izahatında əsasən o, maddi imkansızlıqdan ödəniş edə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işlədiyi müddətdə hər ay mütəmadi olaraq alimenti ödəməsi, bir müddət işləməməsi səbəbindən ardıcıl olaraq alimenti ödəyə bilməməsi, buna baxmayaraq arada 1- 2 ay ödəyə bilməsə də, maddi imkanı olduqca ödənişləri davam etməsi öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Şəxs bir müddət işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği ardıcıl hər ay ödəyə bilməmiş, lakin buna baxmayaraq maddi imkanı olduqca əvvəlki qaydada aylıq aliment məbləğini ödəyərək edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs əvvəllər işləyərək ödənişlər etdiyini, bir neçə aydır ki, işsiz olduğundan bəzi aylar ödəniş edə bilmədiyini, icra sənədinin icrasından yayınmadığını bildirmiş, onun neçə aydır ki, işsiz olması icra məmuru tərəfindən də təsdiq edilmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, bu səbəbdən işləməməsi, qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar