Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3344/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 333-1.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 27 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 27 mart 2025-ci il tarixdə “Mercedes-Benz 280 minik” markalı, 77BA064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və bununla da AR İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ-nin DYPŞ Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib olunmuş 27 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs AR İXM-nin 333-1.1, 329.3, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 27 mart 2025-ci il tarixdə “Mercedes-Benz 280 minik” markalı, 77BA064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/352 saylı, 27 mart 2025-ci il tarixli aktdan görünür ki, Şəxs narkoloji müayinə üçün sidik analizi verməmiş, “metadon” proqramında olduğunu, 1 saat öncə metadon suyu qəbul etdiyini bildirmiş, nəticədə şəxsdə qeyri-müəyyən etiologiyada sərxoşluq müəyyən olunması nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktda vətəndaşın müayinə üçün sidik analizi vermədiyi qeyd edilməsinə baxmayaraq qeyri-müəyyən etiologiyada sərxoşluq olmasına dair nəticəyə gəlinmişdir. Halbuki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AR NK-nin 27 iyun 2024-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Qaydalardan göründüyü kimi narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq halı yalnız bioloji mayelərin müayinəsi nəticəsində müəyyən oluna bilər. Lakin məhkəməyə bu cür müayinənin nəticəsini əks etdirən sənəd təqdim edilməməmişdir. Məhkəməyə təqdim olunan sənəddə şəxsin analiz vermədiyi qeyd edilmişdir. Şəxs izahatı olaraq onun metadon proqramında olduğu və bu səbəbdən metadon suyu qəbul etdiyi qeyd edilmişdir. Metadon proqramı narkoloji müalicə alan şəxslərə tətbiq olunan müalicə metodudur. Şəxsin metadon proqramının iştirakçısı olması həkimi onu müayinə etmək vəzifəsindən azad etmir. Qanunvericilikdə bu şəxslərin barəsində müayinə keçirilməsi istisna olunmamışdır. Şəxsin metadon proqramının iştirakçısı olaraq metadon suyu qəbul etməsi onda avtomatik olaraq narkotik sərxoşluğu vəziyyətinin yaranması nəticəsinə gəlməyə imkan vermir. Fərqli növdə olan narkotik vasitələrə, psixotrop maddələrə münasibətdə narkotik sərxoşluğunun yaranması üçün onların fərqli ölçülərdə qəbul edilməsi tələb oluna bilər. Ona görə də narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq halının müəyyən olunması üçün bioloji mayelərin müayinəsi tələb olunur. Yəni, şəxsin narkotik sərxoşluğu vəziyyətində olub-olmaması yalnız bioloji mayelərin müayinəsi nəticəsində müəyyən oluna bilər. Hazırki iş üzrə isə belə bir müayinənin keçirilməsi və bunun nəticəsində şəxsdə narkotik sərxoşluğu halının müəyyən olunmasını təsdiq edən sübut təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 27 mart 2025-ci il tarixdə “Mercedes-Benz 280 minik” markalı, 77BA064 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi faktı öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmənin də şəxsin təqsirli olmasını sübut etmək kimi bir vəzifəsi yoxdur, məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək qərar qəbul etməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan məhkəməyə şəxsin təqsirli olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3344/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3344/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver