Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3360/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ Yol patrul xidmətinin baş inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 06 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 iyun 2023-cü il tarixdə, saat 02:21 radələrində “Toyota Prius” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmaqla sərxoş vəziyyətdə idarə etmiş və bununla da AR İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məkumat verilmiş, onun valideyni telefon vasitəsi ilə əlaqə saxlayaraq Şəxs narkoloji mərkəzdə müalicədə olduğunu və məhkmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxsə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati qaydada icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 06 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2023-cü il tarixdə, saat 02:21 radələrində “Toyota Prius” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmaqla sərxoş vəziyyətdə idarə etmiş və bununla da AR İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. 07 iyun 2023-cü il tarixli, 1/3153 saylı “Səxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs 07 iyun 2023-cü il tarixdə, saat 00:10 radələrində tibbi mayinədən keçirilən zaman onda narkotik vasitə və psixotrop maddələrin qəbulu nəticəsində sərxoşluq vəziyyəti aşkar edilmişdir. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 06 iyun 2023-cü il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “Toyota Prius” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil 06 iyun 2023-cü il tarixdə, saat 23:50-də mühafizə olunan duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən AR İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, ş materiallarında olan inzibati xəta haqqında 06 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 06 iyun 2023-cü il tarixdə, saat 02:21 radələrində “Toyota Prius” minik markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi göstərilsə də, onun sərxoş olması 07 iyun 2023-cü il tarixli, 1/3153 saylı “Səxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolu ilə saat 00:10 radələrində müəyyən edilmişdir ki, bu da şəxsin saxlanıldıqdan təxminən 22 saat sonra tibbi müayinədən keçirilməsinə və hələ tibbi müayinədən keçmədən və sərxoş olması müəyyən edilmədən onun barəsində formal olaraq inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəlalət edir. Göründüyü kimi, səlahiyyətli orqanın Şəxs AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi cəmi iki sənəd-inzibati xəta haqqında protokol və “Səxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolu olmuş, lakin məhkəmə baxışı zamanı həmin sənədlərin tarix baxımından uzlaşmadığı, şəxsin hələ sərxoş olması müəyyən edilmədən barəsində avtomobili sərxoş idarə etməsinə dair inzibati xəta haqqında protokol tərtib edildiyi müəyyən edilmişdir ki, bu da məhkəməyə təqdim edilmiş sənədlərin həqiqəti əks etdirməsi ilə bağlı şübhələrin yaranmasına və bütün şübhələrin barəsində inzibati qaydada icraat aparılan şəxsin xeyrinə həll edilməsinə əsas verir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq Şəxs AR İXM-nin 333.1-ci maddəsi ilə təqsirli olmasının iş materiallarında olan sənədlərlə sübuta yetirilmədiyi qənaətinə gələrək şəxs barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXMnin 53.2-ci maddəsi ilə xitam verilməsini qanuni və əsaslı hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 329.3-cü maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3360/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3360/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver