Məhkəmə qərarları › İş №3(008)-3360/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3360/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3360/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.8-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 10 may 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 mart 2024-cü il tarixdə, saat 04:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində hərəkətdə oalrkən düzgün ara məsafəsi saxlamayıb idarəetməni itirib yolun sağ kənarında dayanmış vəziyyətdə olan “VAZ-21214” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində vurmuş, zərbənin təsirindən həmin avtomobil də qarşısında dayanmış “Volkswagen” markalı, **-AH- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə avtomobillər zədələnmiş və avtomobildə sərnişin qismində olan X2 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin onunla barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə tərəfindən işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 01 aprel 2024-cü il tarixli, 613 saylı ekspert rəyindən görünür ki, X1 üst və alt dodağın selikli qişa səthinin əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 19 mart 2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X4 tərəfindən tərtib edilmiş 10 may 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 mart 2024-cü il tarixdə, saat 04:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **- LB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində hərəkətdə oalrkən düzgün ara məsafəsi saxlamayıb idarəetməni itirib yolun sağ kənarında dayanmış vəziyyətdə olan “VAZ-21214” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində vurmuş, zərbənin təsirindən həmin avtomobil də qarşısında dayanmış “Volkswagen” markalı, **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə avtomobillər zədələnmiş və avtomobildə sərnişin qismində olan X2 yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin iş materiallarında olan yazılı izahatı, müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.7-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayonşəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.7-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. AR İXM-nin 27.4-cü maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 20 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 327.7-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞyə göndərilsin. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar