Məhkəmə qərarları › İş №3(008)-3365/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3365/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3365/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə, Şəxs MMC-nin baş direktoru X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 491.1 və 492.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-in 491.1 və 492.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100-01074/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********5191 sorğu nömrəli xx.xx.2024-cü il tarixli, **********9126 sorğu nömrəli xx.xx.2024-cü il tarixli və **********5246 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilərək ünvan 2 ünvanında yerləşən barda saxlanılmalı olan yüklərin istifadə olunduğu barədə Əməliyyat və Təhqiqat İdarəsinin nəqliyyat şöbəsi tərəfindən əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmişdir. Baxış zamanı **********5191 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin saxlanc anbarında olduğu, lakin **********9126 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 4671 ədəd bəyan edilmiş “Bronxovent 150 ml Syrup” adlı dərman vasitəsinin faktiki olaraq 3342 ədəd olduğu, yəni 1329 ədəd əskik olduğu, **********5246 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə 7351 ədəd bəyan edilmiş “Carilton 1G/5ml Solution For İ.V. İniection” adlı dərman vasitəsinin isə faktiki olaraq 7031 ədəd olduğu, yəni 320 ədəd əskik olduğu aşkarlanmışdır. Həmçinin, anbara baxış zamanı dərman vasitələrinin təminat forması olmadan saxlanıldığı, yəni anbara vurulmuş gömrük təminatının pozulması faktı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yoxlama haqqında protokoldan və aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən anbara baxış keçirilən zaman **********9126 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş “Bronxovent 150 ml Syrup” adlı dərman vasitəsinin 1329 ədəd əskik olduğu, **********5246 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş “Carilton 1G/5ml Solution For İ.V. İniection” adlı dərman vasitəsinin isə 320 ədəd əskik olduğu, həmçinin, dərman vasitələrinin təminat forması olmadan saxlanıldığı, yəni anbara vurulmuş gömrük təminatının pozulması faktı aşkar edilmişdir. Yoxlama haqqında protokolun və aktın düzgünlüyü Bakı Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları və Şəxs MMC-nin əməkdaşları tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən **********9126 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş 1329 ədəd “Bronxovent 150 ml Syrup” adlı dərman vasitəsi və **********5246 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş 320 ədəd “Carilton 1G/5ml Solution For İ.V. İniection” adlı dərman vasitəsi yükünün ümumi gömrük dəyəri barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-1100/013/010189 nömrəli xx.xx.2024-cü il tarixli raportla sorğu edilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/010723 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən M000095246 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilmiş Carilton 1G/5ml Solution For İ.V. İniection” adlı dərman vasitəsinin gömrük dəyərinin 3808.00 manat, **********9126 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilmiş “Bronxovent 150 ml Syrup” adlı dərman vasitəsinin gömrük dəyərinin 5196.39 manat, ümumilikdə isə MMC tərəfindən istifadə edilməklə üzərində sərəncam verilmiş dərman vasitələrinin dəyərinin 9004.39 (doqquz min dörd manat otuz doqquz qəpik) manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin baş direktoru X2 izahatında bildirmişdir ki, təcrübəsizlik nəticəsində MMC tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1. Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələrinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 9004.39 manatın otuz faizi, yəni 2701 manat 32 qəpik miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar