Məhkəmə qərarları › İş №3(008)-3383/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3383/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3383/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə, “X3” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 271-ci maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 14 may 2024-cü il tarixli, 61-İX-24 saylı materialda qeyd edilmişdir ki, hüquqi şəxs "“X1” MMC" (organizational_legal) (VÖEN: **********) nin işçisi - hüquqi şəxsin bağbanı X4 31 yanvar 2024-cü il tarixdə həmin müəssisənin daxilində olan ağacları budayaraq onların bir hissəsini zibil qablarına doldurmuş, bir hissəsini isə zibil qablarında yer olmadığından müəssisənin ərazisində yandırmaqla ətraf mühitin mühafizəsi tələblərinə əməl etməmişdir. Bununla əlaqədar “X1” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlar X2 izahatı, xx.xx.2024-cü il tarixli monitorinq aktı, 31 yanvar 2024-cü il tarixli təqdimat və 05 fevral 2024-cü il tarixli, 04Ş nömrəli əmrlə təsdiq edilir. X4 izahatında göstərmişdir ki, 31 yanvar 2024-cü il tarixdə “X1” MMC-nin daxilində olan ağacları budayaraq onların bir hissəsini zibil qablarına doldurmuş, bir hissəsini isə zibil qablarında yer olmadığından müəssisənin ərazisində yandırmış, budanmış ağac qırıntılarının zavoddan kənar yandırılmasının qadağan olduğunu bilmiş və diqqətsizlikdən onları müəssisənin həyətində yandırdığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, X4 31 yanvar 2024-cü il tarixində “X1” MMC-nin ərazisində olan ağacları budayaraq onların bir hissəsini müəssisənin həyətində yandırmışdır. 31 yanvar 2024-cü il tarixli təqdimatdan görünür ki, X4 budanmış ağac budaqlarını həmin müəssisənin ərazisində yandırdığına görə tənbeh edilməsi üçün “X1” MMC-nin rəhbərliyinə təqdimatla müraciət edilmişdir. 05 fevral 2024-cü il tarixli, 04Ş nömrəli əmrdən görünür ki, “X1” MMC-də bağban vəzifəsini icra edən X4 budanmış ağac budaqlarını həmin müəssisənin ərazisində yandırdığına görə ona müəssisənin direktoru tərəfindən töhmət verilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ETSN-nin 11 saylı RETSİ-dən daxil olmuş məlumat olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə və “X3” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 61-İX-24 saylı material əsasında qəbul edilmiş 14 may 2024-cü il tarixli qərardan görünür ki, “X3” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli 029 nömrəli aktdan görünür ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, “X3” MMC-nin Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi müəyyən olunmadığından inzibati işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Belə olan təqdirdə məhkəmə hesab edir ki, “X3” MMC-nin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsinin nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət baş verməsini təsdiq edən sübutlar mövcud olmadığından “X3” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, “X3” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında işin icraatına inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: “X3” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında işin icraatına inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar