Məhkəmə qərarları › İş №3(008)-3389/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3389/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3389/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən-Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Bölməsinin müdiri Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 31 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Mehdi Əz-Zaman məscidində Şəxs tərəfindən qanuna zidd qaydada dini ayinlərin icrası, “X1” haqqında Qanunun müvafiq maddələrinin pozulması aşkar edilmişdir. Bu fakt qanuna ziddi qaydada dini ayinlərin icrası, eləcə də “X1 haqqında” Qanunun maddələrinin pozulduğunu göstərən video ilə təsdiq edilmişdir. Qanunun 1-ci və 21-ci maddələrinə əsasən rəsmi din xadimi təyin edilməyən şəxs olaraq dini ayinlərin icrasına çalışmışdır. Bununla da, Şəxs tərəfindən AR İXM-in 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Bölməsinin müdiri Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, “X1 haqqında” Qanunun tələblərinə uyğun olaraq rəsmi din xadimi təyin edilmiş şəxs dini ayinlərin icrasını həyata keçirə bilər. Qanunvericiliyin qeyd edilən tələbi Şəxs tərəfindən pozularaq 31 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mehd əz-Zaman məscidində dini ayinlərin icrası həyata keçirilmişdir. Bunu təsdiq edən video görüntü də məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən tərəfindən Şəxs barəsində AR İXM-in 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda dini təhsil alsa da, rəsmi olaraq din xadimi deyil. 31 mart 2025-ci il tarixdə onu məscidin ağsaqqaları çağıraraq dini ayini icra etməsini xahiş etmişlər. O, bunun hüquq pzountusu olmasını bilməmişdir. Əməlindən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. İş materiallarında olan videogörünütdən görünür ki, Şəxs tərəfindən məscidin həyətində digər insanların iştirakı ilə dini ayinlərin icrası həyata keçirilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün ifadəsi, videogörüntü, məhkəmə iclasında tədqiq olunmuş digər sənədlərlə tam təsdiqini tapmışdır. AR İXM-in 515.0.2-ci maddəsinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə - fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “X1 haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər; 4-1.2-ci maddəsinə əsasən din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. 30-cu maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İXM-də və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən 31 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Mehdi Əz-Zaman məscidində dini mərasimlərin keçirilməsinin qanunla müəyyən olunmuş qaydası pozulduğundan, yəni din xadimi olmadığı halda kütləvi dini ayinin icrasını həyata keçirdiyindən o, AR İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar