Məhkəmə qərarları › İş №3(008)-3424/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3424/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3424/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi, döngə 2, ev 15 ünanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanar dağ küçəsi, ev 13, nömrəsiz evdə yaşayan Rzazadə (Qəniyeva) Könül Ədalət qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 23 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Rzazadə (Qəniyeva) Könül Ədalət qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-925/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etməyərək 19968 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X9 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir, ödəniş etməkdən boyun qaçırmır. Himayəsində iki körpə uşağı vardır. Onlara baxdığından işləyə bilmir. Nə vaxt işləsə alimenti də onda ödəyə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında göstərmişdir ki, borclunun işləməməsi onu aliment ödəməkdən azad edə bilməz. Gedib marketdə satıcı işləyə bilər. Özü İİİ qrup əlildir, heç yerdə işləmir. Uşaqlardan birinin səhhətində problem var. Məhkəmədən Şəxs oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu X1 xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-cı il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün ayrı-ayrılıqda 193 manat olmaqla, cəmi 579 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir; İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X7 göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-925/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Rzazadə (Qəniyeva) Könül Ədalət qızından X4 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, Rzazadə (Qəniyeva) Könül Ədalət qızından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-cı il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X6 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bir neçə icra sənədinin bir icraata birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sabunçu Rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-389/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-925/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri ümumi icraata birləşdirilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Rzazadə (Qəniyeva) Könül Ədalət qızının himayəsində xx.xx.2022-ci il təvəllüdlü X11 adlı və xx.xx.2023-cü il təvəllüdlü X12 adlı iki uşağı vardır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Rzazadə (Qəniyeva) Könül Ədalət qızı icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Rzazadə (Qəniyeva) Könül Ədalət qızı məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bununla da, Rzazadə (Qəniyeva) Könül Ədalət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Rzazadə (Qəniyeva) Könül Ədalət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Rzazadə (Qəniyeva) Könül Ədalət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar