Məhkəmə qərarları › İş №3(008)-3434/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3434/2025

24.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3434/2025 24.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ramil Qurbanovun, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, 27 avqust 1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Aşağı Abdürrəhmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, E.Əzizov küçəsi, ev 129-da yaşayan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında 24 may 2025-ci il tarixli, MN ******* saylı və 24 may 2025-ci il tarixli, MN ******* saylı protokollara əsasən 23 may 2025-ci il tarixdə Aslanov X3 qəsəbəsində yerləşən 5 saylı postda xidmət aparan polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə o, yayındırıcı cavablar vermiş, özünü şübhəli aparmış, portal vasitəsi ilə yoxlanılan zaman Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə məhkumluq həyatı yaşadığndan və verilən suallar yayındırıcı cavablar verdiyi üçün polis bölməsinə gətirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ramil Qurbanov bildirmişdir ki, 23 may 2025-ci il tarixdə Aslanov X3 qəsəbəsində yerləşən 5 saylı postda xidmət aparan polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə o, yayındırıcı cavablar vermiş, özünü şübhəli aparmış, portal vasitəsi ilə yoxlanılan zaman Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə məhkumluq həyatı yaşadığndan və verilən suallar yayındırıcı cavablar verdiyi üçün polis bölməsinə gətirilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, narkotik vasitədən istifadə etmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf edir və peşmandır. Polis əməkdaşları ondan sənədini istədikdə və atası yanında olduğu üçün narkotik vasitədən istifadə etdiyini atasında qorxduğu üçün suallara cavab vermək istəməmişdir. Lakin polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 24 may 2025-ci il tarixli, MN ******* saylı və 24 may 2025-ci il tarixli, MN ******* saylı protokollara əsasən 23 may 2025-ci il tarixdə Aslanov X3 qəsəbəsində yerləşən 5 saylı postda xidmət aparan polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə o, yayındırıcı cavablar vermiş, özünü şübhəli aparmış, portal vasitəsi ilə yoxlanılan zaman Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə məhkumluq həyatı yaşadığndan və verilən suallar yayındırıcı cavablar verdiyi üçün polis bölməsinə gətirilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi PHŞ-də X2 Tibbi Yoxlama zamanı narkoloji müayinə nəticəsində Şəxs götürülən nümunədə narkotik vasitədən istifadə etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 haqqında 23 may 2025-ci il tarixli, 3068 saylı rəyindən görünür ki, Şəxs MET (+) AMP (+) aşkar olunmuşdur. Onda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. AZA 017327 saylı, 23 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 may 2025-ci il tarixdə, saat 14:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 haqqında 23 may 2025-ci il tarixli, 3068 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamış, əksinə onun təqsirli olması məhkəmə araşdırması nəticəsində təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və protokolda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən video görüntü, səs yazılarının qeydə alınması barədə məlumat və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmiş, məhkəmə iclasında Şəxs polisə tabesizlik göstərmədiyini bildirmişdir. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmiş, əksinə məhkəmə araşdırması nəticəsində onun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 33.1.2-ci maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs İXM-in 206-cı maddəsi ilə törətdiyi xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmadığından və bununla da onun təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 23 may 2025-ci il tarixdən, saat 14:50-dən hesablanmalı, Şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispenserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Həbs etmənin əvvəli 23 may 2025-ci il tarixdən, saat 14:50-dən hesablansın. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunsun. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar