Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3438/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, Şəxs MMC-in nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş Şəxs MMC-in İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-i tərəfindən vətəndaş X13 və X5 Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərin görülməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də 28 iyul 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-in nümayəndəsi və vəkili X8 bildirmişdir ki, Şəxs MMC dizayn və çap xidmətləri üzrə fəaliyyət göstərir. Cəmiyyətdə bu günə qədər direktor və maliyyə işləri üzrə bir işçi işləyir. Əlavə olaraq işçinin işə götürülməsi və onunla işlərin görülməsi üçün müqavilə bağlanması halları heç vaxt olmamışdır. X1 və X14 ümumiyyətlə cəmiyyətin rəhbəri ilə hər hansı işlə bağlı müqavilələri və hər hansı bir reklam və dizayn işinin görülməsi ilə bağlı heç bir danışıqları olmamışdır. Onu da bildirir ki, COVİD-19 virusu ilə əlaqədar işləri çox zəifdir, hətta şirkət bağlanmaq həddinə gəlib çatıb. Heç vaxt tanımadığı X1 və X17 mütəmadi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 şikayət ərizəsi ilə müraciət edərək guya 1 ay müddətində Şəxs MMC-də işləsələr də, onlarla əmək müqaviləsi bağlanmamış və bu günə qədər işlədikləri müddətlərin əmək haqqısını almamışlar. Protokol tərtib olunarkən, cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, protokolun surəti onlara təqdim olunmamışdır. Təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, vətəndaşlar X13 və X17 şikayət ərizələri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 şikayət ərizələri ilə müraciət edərək 1 ay müddətində Şəxs MMC-də işləsələr də, onlarla əmək müqaviləsi bağlanmadığını və bu günə qədər işlədikləri müddətlərin əmək haqqılarını almadığını bildirmişlər. Qeyd olunan şikayətlərlə bağlı X11 tərəfindən cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək cəmiyyət barəsində qanuni tədbir görülməsi üçün məhkəməyə müraciət olunmuşdir. Tərtib olunmuş protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Şəxs MMC-də çap və dizayn işləri üzrə çalışır. X13 və X17 şikayət ərizələri ilə bağlı bildirir ki, onlar heç vaxt Şəxs MMC-də işçi kimi işləməyiblər və onlara nə vaxtsa şirkətlə müqavilə bağlanacağı və buna görə əmək haqqı ödənilməsi ilə bağlı söz verilməmişdir. X14 ümumiyyətlə tanımır. X10 isə o şirkətin xəbəri olmadan dizayn və reklam işi ilə bağlı müraciət etmiş və bunun müqabilində ona pul vermişdir. Ona Şəxs MMC-dən heç bir ödəniş aparılmamışdır. Bank vasitəsi ilə pulu o özü şəxsi işləri üçün göndərmişdir. Reklam bazarında belə bir şey olur. Onunla heç bir danışıq aparılmamış, onu heç yerə ezamiyyətə göndərilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 1 ay müddətində Şəxs MMC-də işləsə də, onunla əmək müqaviləsi bağlanmayıb və bu günə qədər işlədiyi müddətlərin əmək haqqısını almamışdır. Şəxs MMC-də işə düzələn zaman onunla müqavilə bağlanaraq işləyəcəyini bildirmişlər. İş materiallarında əlavə edilmiş 28 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokoldan və əalvə sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol tərtib olunarkən, Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, protokolun surəti təqdim olunmamış, iş üçün əhəmiyyətli olan sənədlər götürülməmiş, tam olaraq araşdırma aparılmamışdır. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin çıxışını, şahid ifadələrini və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolu əsassız hesab edərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol tərtib olunsada, iş üzrə araşdırma tam aparılmamış, sübutlara düzgün qiymət verilməmiş, tərtib olunmuş protokolun surəti tərəfə təqdim olunmamış, şahidlər dindirilməmiş, iş üçün əhəmiyyətli olan sənədlər götürülməmişdir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin əmək müfəttişi T.Əliyev tərəfindən tərtib edilmiş MN ******* saylı, 28 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokola əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-3438/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3438/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver