Məhkəmə qərarları › İş №3(008)-3496/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3496/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3496/2021 10.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Ramil Qurbanovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Qusar rayonu, Tağar- Oba kəndində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu, Tağar-Oba kəndində qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu RPİ 42-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vət. Şəxsin 21.07.2021-ci il tarixdə Bilgəh qəsəbəsi, 16-cı dalan, 1618 saylı bağ evindən ümumi dəyəri 480 manat olan kondisioner, laqonda və preparator oğurluqlar etmişdir. Bu barədə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 42-cü Polis Bölməsinin sahə inspektoru Ramil Qurbanov tərəfindən MN № ******* saylı, 10 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ramil Qurbanov izahatında göstərmişdir ki, vət. Şəxs 21 iyul 2021-ci il tarixdə Bilgəh qəsəbəsi, 16-cı dalan, 1618 saylı bağ evindən ümumi dəyəri 480 manat olan kondisioner, laqonda və preparator oğurluqlar etmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, oğurluğu ehtiyacı olduğundan etmişdir. Çox peşmandır. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin etdiyi əməli səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında materiala zərərçəkmiş şəxsin izahatı əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar