Məhkəmə qərarları › İş №3(008)-3520/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3520/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3520/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 27 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2074/21 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 6000 manat məbləğində pul tutularaq X3 ödənilməsi ödənilməsinə dair məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmişdir. Qeyd edilən icra sənədi üzrə borcu 3300 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, oktyabr ayında işlədiyi yerdə iş dayandığından onu işdən çıxarmışlar. O gündən sonra heç yerdə işləyə bilməmişdir. Ona görə borcundan heç bir ödəniş edə bilməmişdir. Son 5 gün olar ki, yeni işə düzəlmişdir. Artıq bundan sonra aybaay zərərçəkmiş şəxsə pulunu ödəyəcəkdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirmişdir ki, 2021-ci ildən məhkəmə qərarı çıxarılmasına baxmayaraq borclu bu günə kimi borcunu ödəməmişdir. Onun bir neçə yerə borcu olduğundan və icrası əmək haqqına yönəldildiyindən o, işdən çıxmışdır. İşdən çıxana qədər hər ay borclunun əmək haqqından pul tutulub ona ödənilirdi. Borclunun evlərinə dəfələrlə getdikdə onun evdə olmadığını, işdə olduğunu bildirmişlər. Ona görə də borclu yalan danışır. Məhkəmə bir dəfə onun barəsində yüngül tənbeh tətbiq etsə də, nəticə çıxarmayaraq borcunu ödəməmişdir. Göstərilənlərə əsasən borclu barəsində daha sərt tənbeh tədbiri görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 6000 manat məbləğində pul tutularaq X3 ödənilməsi qət edilmişdir; İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin könüllü şəkildə təmin edilməsi barədə bildirişlə birlikdə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6479/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədi üzrə olan borcunu ödəməkdən qəsdən yayındığını, bir dəfə məhkəmə tərəfindən humanistlik göstərilərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq, icra sənədini icra etməməkdə davam etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X8 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar