Məhkəmə qərarları › İş №3(008)-3522/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3522/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3522/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 46, mənzil 49 ünvanında qeydiyatda olan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis baş leytenantı X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 27 may 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, Azərbaycan dilində başa düşür və danışa bilri, təhsilini Azərbaycan dilində almışdır, 26 may 2025-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakıxanov qəsəbəsi Sülh küçəsində olarkən iki nəfər polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim etdikdə özlərini şübhəli apardıqlarından şəxsiyyətlərini müəyyən etmək üçün onları 13-cü Polis Şöbəsinə dəvət etmişdirlər. Polis Şöbəsində olan zaman onun narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 27 may 2025-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 may 2025-ci il tarixli, 3150 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində AMP (+), MET (+), THC (+), MOP (+), MTD (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 27 may 2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur; 26 may 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 may 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. 27 may 2025-ci il tarixli, 3150 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə qeydiyyatda olduğundan və onun yenidən qeydiyyata alınmasına zərurət olmadığından, məhkəmə hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicəsi davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicəsi davam etdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar