Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3530/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27989439 nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı 27989439 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 14:45-də istifadəsində olan 050 *** ** ** nömrəli mobil telefonuna AsanPay xidmətindən SMS gəldi. X4.Sizin EQ27989439 protokol üzrə xx.xx.2025 tarixindən etibarən icra qərarı qüvvəyə minib. Saat 14:47-də isə SMS Radar.az-dan SMS gəldi ki, “ Az.Resp.İXM-nin 329.1 -ci maddəsinə əsasən EQ27989439 protokol qərarı ilə 40 AZN cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə Sabunçu rayon DYPİ-nə getmiş və xx.xx.2025-ci il tarixli EQ27989439 protokol qərarının surətini almışdır. Həmin protokol qərarından görünür ki, guya ki o, AR İXM-nin 329.1-ci maddəsinin tələblərini pozaraq, Babək prospekti Arzu şadlıq sarayının qarşısı mərkəz istiqamətində avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə 40 manat cərimə olunmuşdur. O ümumiyyətlə Ali təhsilli hüquqşünas kimi, Sabunçu rayonunda işləyən bir VƏKİL kimi yol hərəkəti qaydalarını heç vaxt qəsdən pozmamış və çalışır ki, heç vaxt yol hərəkəti qaydalarını pozmamağa çalışır. Həmin gün də o, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Yalnız ürəyi sıxıldığına görə o, təhlükəsizlik kəmərini həmişə sol qolunun altından keçirir. Bəlkə kamera elə hiss edib ki, kəməri bağlamamışdır. Yalnız milləti cərimələməklə məşğul olan BDYPİ elə bir sistem quraşdırmışdır ki, hər addımda cərimələnmək təhlükəsi altındasan. Artıq tam bu qənaətə gəlmişdir ki, BDYP idarəsi millətin mənafeyi üçün deyil, cibi üçün işləyir. Bəyənmədikləri SOVET İttifaqı zamanları İnzibati Xətalar məcəlləsində Xəbərdarlıq “ inzibati tənbeh tədbiri var idi. BDYP idarəsinin ciddi səyləri sayəsində İXMdən “Xəbərdarlıq” tənbeh tədbiri çıxarılmışdır. Kəməri bağlamadan idarə etsə belə birinci dəfə xəbərdarlıq edilməli idi. Lakin BDYPİ vətəndaşlara heç bir xəbərdarlıq etmədən cərimə tətbiq etməklə məşğuldurlar. BDYPİ tərəfindən ona göndərilmiş kamera qeydlərində də onun təhlükəsizlik kəmərindən istifadə etməməyi sübut olunmur. Çünki həmin kamera qeydlərində heç nə görünmür. Sabunçu rayon DYPİ-də olarkən ona kamera qeydlərinin sistemdə olmadığı bildirilmişdir. 17 mart 2025-ci ildən 06 may 2025-ci ilədək DYPİ-nə 230 manat cərimə ödəmişdir. Vəkilin dövlət hesabına fəaliyyətinin 1 saatı 6 manat ( 28 apreldən 11 manat) müəyyən edilir, amma tutaqki kəməri bağlamağı yadından çıxarmağa görə 40 manat cərimə tətbiq edilir. Halbuki, o həmin gün təhlükəsizlik kəmərini bağlamışdır. Guya BDYPİ-si onu cərimə etməklə onun təhlükəsizliyini təmin edirmiş. Onların fikri yol təhlükəsizliyini təmin etmək deyil, onların fikri ancaq müxtəlif yollarla cərimə toplamaqdır. Elə bil ki, bunlara plan qoyulub və cərimə toplanması artırılmalıdır. Budurmu ədalət, budurmu insanın mənafeyinə çalışmalı olan dövlət orqanının işi. Bütün dövlət orqanları vətəndaşların mənafeyi üçün çalışmalıdır. Prezidentimiz dəfələrlə çıxışlarında göstərib ki, dövlət orqanları xalqa xidmət etməlidir. BDYPİ isə yalnız xalqı soymaqla məşğuldurlar. BDYP İdarəsinin əməkdaşları öz qanunsuz hərəkətləri ilə nəinki onu-dövlətin Vəkilini, bütün milləti cana doydurublar. Prezident bu qədər göstəriş verir, tapşırır ki, xalqa xidmət etmək hər bir dövlət məmurunun vəzifəsidir. Xalqa müraciət edir ki, baş verən nöqsanlar barədə siqnal verilsin. BDYPİ və əksər digər dövlət qurumları isə öz mənafelərini xalqdan üstün tutaraq, qeyri-qanuni fəaliyyətləri ilə xalqı hakimiyyət nümayəndələrinə qarşı qaldırırlar. Hörmətli məhkəmə, o, Sabunçu rayonunda yaşayır və Sabunçu rayonunda da vəkillik fəaliyyəti ilə məşğul olur. Dövlət hesabəna vətəndaşlara pulsuz hüquqi yardımı da Sabunçu rayonunda göstərir. Ona görə də xahiş edir ki, onun şikayətinə yaşayış yeri üzrə Sabunçu rayon məhkəməsində baxılsın. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası İXM-nin 53, 110,128,129,130,114-115-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən xahiş edir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi üzrə Azərbaycan Respublikası DİN Baş X7 tərəfindən qanunsuz tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27989439 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2025-ci il tarixli EQ seriyalı 27989439 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27989439 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:13-də Babək prospekti, Arzu şadlıq sarayının qarşısı istiqaməti ünvanında “NİSSAN X-TRAİL minik” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi nəticəsində X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27989439 saylı qərarda X2 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2025-ci il tarixli EQ seriyalı 27989439 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Təqdim edilmiş sənədlərə və foto şəkilə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27989439 nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27989439 saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-3530/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3530/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver