Məhkəmə qərarları › İş №3(008)-3553/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3553/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3553/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, şikayətçi Askerov Neımatın iştirakı ilə, şikayətçi Askerov Neımatın Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə 211 saylı marşrut xətti üzrə **-JV-*** DQN-lı “BMC-Procity” markalı sərnişin avtobusu ilə saat 12:50 radələrində Nəsimi rayonu 3-cü mkr dairəsində təyin olunmuş marşrut xətti üzrə hərəkətdə olarakən eyni istiqamətdə hərəkət edən 10-PL(T)-717 DQN-lı “HYUNDAİ minik” markalı avtomobilin sürücüsü qəfildən dairənin daxili hərəkət zolağından sağa sərt dönüş etməyə çalışarkən sağ qabaq hissəsi ilə idarə etdiyi avtobusun sol arxa hissəsini vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırmışdır. Hadisə yerinə Bakı şəhəri DYPİ-nin YPX-nin baş inspektoru polis baş leytenantı X2 yaxınlaşaraq sənədləri almış və növbəti gün səhər saat 09:00-da Bakı şəhər DYPİ-nə yaxınlaşmağımızı bildirdi. Hadisənin səhəri günü 21,04.2025-ci il tarixində saat 09:00-da Bakı DYPİ-nə yaxınlaşmış və onu Bakı şəhəri DYPİ-nin YPX-nin baş inspektoru polis baş leytenantı X2 qəbul edərək hadisə barədə yazılı izahat verməyini və günahsız olduğu halda hadisənin günahkarı kimi faktı etiraf etməyini tələb etmişdir. Bu zaman o, ondan TŞ kamerasından olan videogörüntünü ona göstərməsini tələb etsə də qəti surətdə görüntünü göstərməkdən imtina etmiş və ona işə obyektiv yanaşmadığı üçün, heç bir sənədə qol çəkməyəcəyini bildirərək və əgər elədirsə onda barəsində tərtib etdiyi Protokolu və verdiyi Qərarı tələb edəndə o, ona “Protokolla Qərarı sonra gəlib götürərsən” deyərək ona otağı tərk etməyimi əmr etmişdir. Həmin vaxt ona hadisənin günahkarı o olmadığını və lazım olarsa hadisənin videgörüntüsünü təqdim etməyini və görüntüyə baxdıqdan sonra inzibati tənbehin onun barəsində yox digər hadisə iştirakçısı olan 10- PL(T)-717 DQN-lı avtobusun sürücüsü barəsində verməsini israrla bildirsə də o, yenə öz dediyində qalmış və ona “get hara şikayət edirsənsə et” deyərək otağı tərk etməyini tələb etmişdir. O, məcbur olub otağı tərk etmiş və videgörüntünü əldə etmək üçün cəmiyyətə.müraciət etmiş Səhəri günü videgörüntü ona təqdim olunmuşdur və xx.xx.2025ci il tarixdə yenidən yaxınlaşmış Bakı şəhəri DYPİ-nə, YPX-nin baş inspektoru polis baş leytenantı X2 iş yerində olmadığından onunla telefon əlaqəsi yaratmış və o, öz qərarını verdiyini bildirərək İXP ilə inzibati Qərarı sonra ona təqdim edəcəyini bildirmişdir. Bir neçə dəfə qərarı götürmək üçün onun xidməti yerinə yaxınlaşsa da qərarı əldə edə bilməmişdir. Nəhayət bir neçə gün zənglərdən sonra xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli İXP ******* saylı İXP-ni və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı götürməyə nail olmuşdur. Möhtərəm hakim, Bakı şəhəri DYPİ-nin YPX-nin baş inspektoru polis baş leytenantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. O, idarə etdiyi **-JV-*** DQN-lı “BMC” markalı sərnişin avtobusunda quraşdırılmış təhülkəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, 10-PL(T)-717 DQN-lı avtomobilin sürücüsü yuxarıda qeyd etdiyi formada manevr qaydasını kobud şəkildə pozaraq onun idarə etdiyi avtobusu sol arxa hissədən vurur və hadisə baş verir. "xxxx" MMC-nin hüquq şöbəsi tərəfindən hadisə araşdırılan zaman onun günahsız olmağı öz təsdiqini tapmışdır. Lakin, inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutulması ilə nəticələnəcəkdir. İnspektor tərəfindən onun bütün hüquqları pozulmuş və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirmişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Bakı şəhəri DYPİ-nin YPX-nin baş inspektoru polis baş leytenantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Askerov Neimat xx.xx.2025-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mkr dairəsində **-JV-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity 12M CNG avtobus” markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmaqla AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, hadisə şikayətçinin qeyd etdiyi kimi baş vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Askerov Neimat Bakı şəhəri, Nəsimi rayonu 3-cü mkr dairəsində **-JV-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity 12M CNG avtobus” markalı nəqliyyat vasitəsini idarə edən zaman onunla eyni istiqamətdə hərəkətdə olan **-PL-*** d.q.n-lı, “Hyundai” markalı nəqliyyat vasitəsi qəfil dairənin daxili hərəkət zolağından sağa sərt dönüş edərək avtobusun keçməsini gözləmədən sağ qabaq hissəsi ilə idarə etdiyi avtobusun sol arxa hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda Askerov Neimatin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmasının onun hansı hərəkətlərində ifadə olunması qeyd edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Videogörüntüdən də görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs hər hansı qayda pozuntusuna yol verməmiş, əksinə minik avtomobili tərəfindən manevr etmə qaydası pozulmuşdur. Belə ki, o, sağa dönüş edərkən ondan qabaqda sağ tərəfdə eyni istiqamətdə hərəkət edən avtobusun keçməsini gözləmədən hərəkət etmişdir. Qanunun yuxarıda qeyd edilən tələblərindən də görünür ki, nəqliyyat vasitəsinin ondan arxada gələn nəqliyyat vasitəsinə yol vermək kimi bir vəzifəsi qanunda nəzərdə tutulmamışdır. Öndə hərəkət edən nəqliyyat vasitəsinin öz hərəkət istiqamətini ondan arxada hərəkət edən nəqliyyat vasitəsinin hərəkətinə uyğunlaşdırmaq kimi bir vəzifəsi yoxdur. Məhkəmə araşdırması zamanı **-JV-*** dövlət qeydiyyat nişanlı “BMC-Procity 12M CNG avtobus” markalı nəqliyyat vasitəsini idarə edən Askerov Neimatin hansısa qayda pozuntusuna yol verməsi müəyyən edilməmişdir. İnzibati orqanın nəyə əsasən avtobusun İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması nəticəsinə gəlməsi məlum deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində ona istinad edilən inzibati xətanın törədilməsi faktı müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən bunun əksini təsdiq edən sübut məhkəməyə təqdm edilməmişdir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Askerov Neimatun barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Askerov Neimat barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Askerov Neimatnun əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Askerov Neimatun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar