Məhkəmə qərarları › İş №3(008)-3556/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3556/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3556/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X26 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi X11, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 küçəsi nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 02 iyun 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi X20 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 02 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, vətəndaş Şəxs 02 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən analizdən keçərkən sidiyindən MET (+) aşkar olunmuşdur. Eyni zamanda MN seriyalı ******* nömrəli, 02 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, vətəndaş Şəxs 02 iyun 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində 13-cü PŞ-nin növbətçi heyətinin və əməliyyat qurupasının əməkdaşlarının PŞ-də qanuni tələblərini pozmuşdur. Eyni zamanda MN seriyalı ******* nömrəli, 02 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, vətəndaş Şəxs 02 iyun 2025-ci il tarixdə, saat təxminən 00:30 radələrində 13-cü PŞ-də şöbənin əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi X20 hər üç protokolun məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətanı törətməkdə qismən təqsirli bilərək izahatında göstərdi ki, ona həmin gün atası zəng edərək bildirmişdir ki, içkili olduğundan polis əməkdaşlarına tabesizlik göstərdiyinə görə polis şöbəsinə gətirilmişdir. O, polis şöbəsinə gedərək atasına niyə belə etdiyini bildirmiş və irad tutmuşdur. Daha sonra, atasını narkoloji mərkəzə aparmışlar, həmin zaman orada polis əməkdaşları ilə onun arasında mübahisə yaranmışdır. Narkoloji mərkəzdən polis şöbəsinə yenidən gətirilərkən atasını görmək istədiyini bildirmiş, bu zaman polis əməkdaşları telefonu ondan istəyəndə, kobud şəkildə verdiyi üçün polis əməkdaşları ona irad bildirmiş və ona polis şöbəsinin binasını tərk etməyini demişlər. Bundan sonra polislərlə aralarında mübahisə yaranmış və o, polis əməkdaşları tərəfindən müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilmişdir. Bir daha qeyd edir ki, heç vaxt narkotik vasitədən istifadə etməmiş, həmçinin polis əməkdaşlarına qarşı tabesizlik göstərməmiş, lakin şöbənin binasında səs küy salmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş vətəndaş X21 izahatında bildirmişdir ki, o, şəxsi işi ilə əlaqədar nişanlısı ilə birlikdə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsində olan zaman sonradan ad və soyadını bildiyi vətəndaş Şəxs şöbənin binasında aqressiv davranaraq nalayiq ifadələr səsləndirirdi, polis əməkdaşları onu dəfələrlə sakitləşdirməyə çalışsalar da o, nalayiq ifadələri səsləndirməkdə davam edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat müvəkkili X4 izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 00:30 radələrində şöbədə olan zaman səs küy eşidib çölə çıxdıqda, sonradan ad və soyadını bildiyi Şəxs nalayiq ifadələr işlədərək yüksək səslə “hanı onu o şərəfsiz polis” ifadələrini işlədərək polis əməkdaşlarını təhqir etdiyini görmüşdür. O və digər polis əməkdaşları nə qədər onu sakitləşdirməyə və polisin qanuni tələblərinə tabe olmasını bildirsələr də, həmin şəxs öz hərəkətlərini davam etmişdir. Bu zaman onlar çətinlikədə olsa həmin şəxsi müvəqqəti saxlanılma məntəqəsinə yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin məsul növbətçisi X12 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 00:30 radələrində şöbədə olan vətəndaş Şəxs atasının saxlanıldığı üçün şöbəyə gəlmiş, polis əməkdaşları ona atası ilə görüşmək üçün şərait yaratmışlar. Daha sonra, atası X1 müayinəsindən keçirildikdən sonra vətəndaş yenidən atası ilə görüşmək istədikdə o, həmin şəxsdən telefonu təhvil verməsini xahiş etmişdir. Bu zaman Şəxs kobud şəkildə telefonu ona təqdim etmiş, o isə şöbəni tərk edib çöldə gözləməsini dedikdə Şəxs nalayiq ifadələr işlədərək yüksək səslə “hanı onu o şərəfsiz polis” ifadələrini işlədərək polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları nə qədər onu sakitləşdirməyə və polisin qanuni tələblərinə tabe olunmasını bildirsələr də, o öz hərəkətlərini davam edərək polis əməkdaşlarına qarşı tabesizlik etmişdir. Bu zaman polis əməkdaşları həmin şəxsi müvəqqəti saxlanılma məntəqəsinə yerləşdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X23 digər şahidlər X3 və X7 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə 13-cü PŞ-nə gətirilən X10 yol hərəkət qaydalarını pozduğuna görə Sabunçu RPİnin YPX əməkdaşları tərəfindən saxlanılmış, vətəndaş YPX əməkdaşlarına tabesizlik göstərmiş, YPX əməkdaşları PPX əməkdaşlarının köməyi ilə həmin şəxs 13-cü PŞ-nə gətirilmişdir. Aidiyyəti üzrə yoxlanıldığından sonra, həmin şəxsin orta dərəcə içkili olduğu müəyyən edilmişdir. X2 şöbədə olan zaman, təxminən saat 00:30 radələrində oğlu X13 onu görmək üçün şöbəyə gəlmişdir. Vətəndaşdan şöbəyə telefonla daxil olmağın daxili təlimatlara əsasən qadağan olunduğu, mobil telefonu təhvil verməli olduğunu bildirsə də, vətəndaş kobud davranmağa başlamış, polis əməkdaşı həmin vətəndaşa telefonu götürüb, şöbədən kənarlaşmasını bildirdikdə, atasının niyə burda saxlanılmasına etiraz edərək, polis əməkdaşı ilə kobud şəkildə nalayiq ifadələrlə danışmağa başlamışdır. Bu zaman əməliyyat qrupunun digər üzvləri səs-küyə xidməti otaqlarından çıxmışlar. Vətəndaş daha da aqressivləşərək polis əməkdaşlarını daha da kobud şəkildə təhqir etməyə başlamışdır. Odur ki, növbətçi hissənin iş rejimini kobud şəkildə pozan X13 barəsində tədbir görülməsinə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsinin Ambulator X5 dair xx.xx.2025-ci il tarixli, 3263 nömrəli rəyindən görünür ki, Şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən Əzab ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 iyun 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları, həmçinin həmin Məcəllənin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokollar, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi, həbsetmənin əvvəlinin 02 iyun 2025-ci il tarixdən, saat 00:30-dan hesablanması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 iyun 2025-ci il tarixdən saat 00:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X28

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar