Məhkəmə qərarları › İş №3(008)-3560/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3560/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3560/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Babək prospekti istiqamətindən H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən YPX ekipajının göstərişi ilə yolayrıcında sol zolağa yerdəyişmə etmiş və nəticə olaraq yenə də düzünə hərəkət edərək H.Əliyev prospekti ilə hərəkətini davam etdirmişdir. Bu manevrlər ilə YHQ-nın heç bir müddəasını pozmamağına baxmayaraq barəsində İXM-nin 327.1-ci maddəsi ilə-nişanın tələbinin pozulması ittihamı ilə avtomatik foto-video qeydiyyat funksiyalı cihazla elektron qərar tərtib edilmişdir. Həmin yolayrıcında nişan düzünə hərəkəti tələb edir ki, o da bu şərtə riayət edərək hərəkət etmiş, həmdə YPX ekipajının göstərişi nişanın tələbindən üstün sayılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahiş edir ki, barəsində əsassız tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27913090 nömrəli elektron qərar ləğv edilərək işə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında X4 şikayətinin əsassız olmasını, qayda pozuntusuna yol verməsi ilə bağlı materialları məhkəməyə təqdim etməsini bildirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsinin 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN-nin Baş Dövlər Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, o, bildirmişdir ki, o, YPX ekipajının göstərişinə əsasən sola doğru hərəkət etmişdir. Bundan başqa “Yol hərəkəti haqqında” qanununun 69-cu maddəsinə əsasən üfüqi nişanlanma xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır.Halbuki bu yol əks istiqamətli yol olmamış, eyni istiqamətli yol olmuşdur. Odur ki, o heç bir qayda pozuntusuna yol verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 13:35-də H.Əliyev prospekti Ekselsior hotelinin qarşısında “BYD LEOPARD 5 PLUG-İN HİBRİD” minik markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; X4 təqdim etdiyi görüntülərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, o, bildirmişdir ki, o, YPX ekipajının səs cihazı ilə verdiyi göstərişinə əsasən sola doğru hərəkət etmişdir. Bundan başqa “Yol hərəkəti haqqında” qanununun 69-cu maddəsinə əsasən üfüqi nişanlanma xətti dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır. Halbuki bu yol əks istiqamətli yol olmamış, eyni istiqamətli yol olmuşdur. Odur ki, o heç bir qayda pozuntusuna yol verməmişdir. Məhkəmə iclasında hadisənin görüntüsünü əks etdirən videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən hadisə vaxtı YPX avtomobili korteci müşayiət etmiş, bu zaman X4 idarə etdiyi avtomobil sol zolağa yerdəyişmə etmişdir. Lakin, videogörüntüdə səs olmadığından Elçin Əhmədova yol polisi əməkdaşı tərəfindən belə bir göstərişin verilib verilməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, şikayətçinin izahtında göstərilən bu xüsasatlar araşdırılmadan inzibati xəta haqqında qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin Vci bəndinə əsasən nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Həmçinin, məhkəmə qeyd edir ki, qəbul edilmiş qərarda X5 tərəfindən yol nişanlarının hansı tələblərinə riayət edilməməsi göstərilməmişdir. Beləliklə, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlər Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27913090 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, DİN Baş Dövlər Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27913090 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli, EQ 27913090 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar