Məhkəmə qərarları › İş №3(008)-3565/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3565/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3565/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X1 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 24 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)-488/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə olunmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən hazırkı vaxta kimi 8100 manat borcunun ödənilməsindən yayınır. Bundan əlavə o, eyni icra vərəqəsindəki tələbin icra olunmaması ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(067)-488/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə olunmuşdur. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o hazırda işləmir. Lakin borcunu ödəməkdən də imtina etmir. Tərəfindən qalıq məbləğ hər ay hissəli şəkildə ödəniləcək. Göstərilənlərin nəzərə alınmasını və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mütləq əlaməti olmadığından barəsində inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında göstərmişdir ki, o qalan borcun birdəfəlik ödənilməsini istəyir. Şikayətçidir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq iddiaçı X2 verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 3(067)-488/2023 saylı, xx.xx.2023-cü il il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.1974-cü ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibinin yaranması üçün maddənin dispozisiyasında nəzərdə tutulan əməl inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə tətbiq edilmədir. Lakin məhkəməyə təqdim edilmiş MN ******* saylı, 24 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdə müəyyən olunur ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4318/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən qalıq qalmış 8100 manat borcunun ödənilməsindən yayınmaqla icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməməyə görə Xaçmaz Rayon Məhkəməsinin 3(067)-488/2023 saylı, xx.xx.2023-cü il il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat cərimə olunmuş və həmin qərardan apelyasiya şikayəti verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, hazırkı inzibati xəta haqqında protokol isə bundan bir ildən çox vaxt keçdikdən sonra yəni xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Odur ki, Şəxs törədilməsi istinad olunan qanun normasının dispozitiv şərtləri ilə həmin protokolda inzibati xəta kimi qeyd olunan əməlin uyğun olmaması müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Göeətrilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar