Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3566/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru Rüstəmova Tamella Eldar qızının, Zərərçəkmiş şəxs Babaxanzadə Aysel Hafiz qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şücai Əflatun Rasim oğlunun iştirakları ilə, 12.12.1985-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsi, ev 64 ünvanında qeydiyyatda olmaqla yaşayan Şücai Əflatun Rasim oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şücai Əflatun Rasim oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 03 iyun 2025-ci il tarixli, MN 2322962 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.03.2025-ci il tarixli, e-2(008)-345/2025 saylı icra sənədinə görə 06.08.2024-cü il tarixindən başlayaraq 18.03.2016-cı il təvəllüdlü Şücai Rüqəyya Əflatun qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Şücai Əflatun Rasim oğlundan hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutularaq, Babaxanzadə Aysel Hafis qızına ödənilməsi qət edilmiş, lakin Şücai Əflatun Rasim oğlu məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Rüstəmova Tamella Eldar qızı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, iş üzrə icraatın 12 aprel 2025-ci il tarixdə başladığını, borclunun ötən ay ödəniş etdiyini bildirmişdir. Tələbkar əvvəlki dövrlərdən yığılan borcun tam şəkildə ödənilməsini tələb etdiyindən hazırda inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şücai Əflatun Rasim oğlu izahatında göstərmişdir ki, o, fərdi təsərüfatla məşğuldur, hal-hazırda rəsmi olaraq işləmir, aliment ödənişinin 2024-cü ilin avqust ayından hesablandığını bilmirdi, o hesab edirdi ki, aliment 2025-ci ilin mart ayının 19-dan hesablanır, o 200 manat pulu bir ay öncə tələbkara ödəmiş, 300 manat isə bu gün ödəmək istəsə də tələbkar pulun tamamını istədiyini və 300 manat pulu götürmədiyini, alimenti ödəməkdən boyun qaçırmadığını., bir müddət əvvəl borcu çox yığılsa da, çox miqdarda imkanı olmasa da hissə-hissə borcu həyata keçirməyə çalışacağını, qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Babanxanzadə Aysel Hafiz qızı izahatında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə müəyyən edilmiş məbləğ nəzərə alınmaqla əvəllki dövrlərdə yığılan aliment borcunu tam şəkildə ona ödənilməsinə kömək göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19.03.2025-ci il tarixli, e-2(008)- 345/2025 saylı icra sənədinə görə cavabdeh Şücai Əflatun Rasim oğlundan 18.03.2016-cı il təvəllüdlü Şücai Rüqəyya Əflatun qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutularaq, Babaxanzadə Aysel Hafis qızına ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 12.04.2025-ci il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 19.03.2025-ci il tarixli, e-2(008)-345/2025 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Şücai Əflatun Rasim oğlunun ünvanına gönədrilmişdir. Şücai Əflatun Rasim oğlu tərəfindən verilmiş izahatdan görünür ki, o, həmin izahatında icra sənədindən 22.04.2025-ciil tarixdən xəbərdar olduğunu, bu qədər borcunun yığılmasından xəbərdar olmadığını və hazırda ödəniş etmədiyini bildirmişdir. 12.04.2025-ci il tarixli bildirişdən görünür ki, Şücai Əflatun Rasim oğlu icra sənədi üzrə öhdəyini yerinə yetirmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında borcunu hissə-hissə qaytaracağını bildirən Şücai Əflatun Rasim oğlu,yığılan borcdan xəbərdar olmadığını və hətta iclas zalında 300 manat pulu zərəçəkənə ödəməyə hazır olduğunu bildirmiş, zərərçəkmiş şəxs Babanxanzadə Aysel Hafiz qızı buna etiraz etməmiş və 300 manat pulu məhkəmə iclasında Şücai Əflatun Rasim oğlundan icra məmurunun iştirakı ilə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şücai Əflatun Rasim oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şücai Əflatun Rasim oğlunun işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə ödəməsi qalıq borcunun qalması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şücai Əflatun Rasim oğlu 14 aprel 2025-ci il tarixdə başlanmış icraat üzrə aliment məbləğinin ödənilməsindən yayınmamış, rəsmi qaydada işləməsə də, icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş şəxsə ödəniş etmiş və bu hal həm zərərçəkmiş şəxs, həm də icra məmuru tərəfindən məhkəmə iclasında təsdiq olunmuşdur. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şücai Əflatun Rasim oğlunun məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən xəbərdar olduğu vaxtan, yəni ki 2025-ci ilin aprel ayından mütəmadi olaraq maddi imkanının yol verdiyi həddə ödənişlər etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı,məhkəmə onu da qeyd edir ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şücai Əflatun Rasim oğlu işləmədiyi halda aliment ödənişləri etməsi, o cümlədən bu faktın zərərçəkmiş şəxs tərəfindən təsdiq edilməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şücai Əflatun Rasim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şücai Əflatun Rasim oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3566/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3566/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver