Məhkəmə qərarları › İş №3(008)-3567/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3567/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3567/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrədddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X1” şöbə müdiri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 23 may 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabunçu qəsəbəsi, üzü H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısında hərəkətdə olan HYUNDAİ SONATA markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, toqquşma nəticəsində idarəetməni itirərək yolun qarşısında hərəkət edən “Ford Tranzit” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə avtomobillərə maddi zərər yetirilmiş və ”Hyundai Sonata” markalı **-SQ-*** dövlət qeydiyyat nişanlı avtobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17.00 radələrində o özünə məxsus idarə etdiyi Haval markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi Heydər Əliyev prospekti ilə üzü Koroğlu metrostansiyası istiqamətində sağ tərəfdən 3-cü zolaqla 70-80 km/saat sürəti ilə hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə və zolaqda Ford Tranzit markalı ** GL *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və Hyundai Sonata markalı ** SQ *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını 7-9 metr məsafədə görərək sürət həddini azaltmaq üçün əyləcdən istifadə etmişdir. Lakin hadisənin qarışısını ala bilməyib, idarə etdiyi avtomobilin ön hissəsi ilə Hyundai Sonata markalı avtomobilin arxa hissəsindən vurduqda, zərbədən Hyundai Sonata markalı avtomobil sağa doğru istiqamətlənmiş və idarə etdiyi avtomobil sol qapı hissəsi ilə Ford Tranzit markalı avtomobilin sağ arxa bamper və qanad hissəsindən vuraraq zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, QAZ-33021 markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobili bilmədiyi səbəbdən hadisənin baş verdiyi yəni, sağ tərəfdən 3-cü zolaqda dayanaraq hərəkətdə olan avtomobillərin hərəkətinə qəza şəraiti yaratmışdır. Hadisə zamanı zərbədən baş və bədən nahiyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alaraq TTYSnın vasitəsi ilə X4 gedərək müayinə olunmuşdur. Sabunçu rayonu Sabunçu qəsəbəsi Heydər Əliyev prospekti üzü Koroğlu metrostansiyası istiqamətində əsas yol 4 gediş, köməkçi yol isə 2 gediş olmaqla ümumilikdə 6 zolaqlı, düz, hamar asfalt örtüklü və yol nişanları ilə tənzimlənən yoldur. Haval markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində heç bir çəkidə yük olmamışdır, hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. İdarə etdiyi Haval markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən qabaq o spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilir, əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə maddi yardım göstərmiş və hazırda da zərərçəkmiş şəxslə öz aralarında barışıq əldə edilmişdir. Qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17.00 radələrində Haval markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun sərnişin olduğu avtomobili arxadan vurmuş və nəticədə avtomobilə maddi ziyan dəymiş, özü isə yüngül bədən xəsarəti almışdır. Hazırda Şəxs ilə barışmışdır və ondan heç bir tələb və ya şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-cü il tarixli 912 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması ilə müşayiət olunan alın nahiyəsinin dərialtı hematoması; sağ bazu və sağ bud nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 2/24067 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi protokolondan görünür ki, Şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil inzibati xəta olması müəyyən edilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Haval” markalı ** US *** dövlət nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 23 may 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslə barəşəq əldə olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar