Məhkəmə qərarları › İş №3(008)-3576/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3576/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3576/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afirəddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı Şəhər BPİ-nin X1 İdarəsindən daxil olmuş 16 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “NİSSAN NAVARA MİNİK” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:46 radələrində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilməmiş və izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 06:46 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti alkotester vasitəsilə yoxlanılmış, həmin vaxt spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Halbuki, o iki bakal pivəni bir gün əvvəl içmişdir, O, hadisə baş verdikdən dərhal sonra oradan çıxıb öz təşəbbüsü ilə həkim müayinəsindən keçmiş və nəticədə alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “NİSSAN NAVARA MİNİK” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:46 radələrində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmişdir; İş materiallarında olan alkotestin nəticəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə müayinə edilən vaxt, yəni xx.xx.2025-ci il tarixdə saat 06:55-də Şəxs sərxoş vəziyyətdə 0,547 promilli olmuş, onda alkoqol sərxoşluğu vəziyyəti olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/4665 saylı, xx.xx.2025-ci il tarixli akta əsasən müayinə edilən vaxt yəni xx.xx.2025-ci il tarixdə saat 08:45-də Şəxs ayıq vəziyyətdə (alkoqolun miqdarı 0,00%) olmuş, onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Həmçinin iş materiallarında olan Şəxs izahtından görünür ki, o “Həkimə getməyə ehtiyac yoxdur, göstərici ilə razıyam 0,54. Səmimi etiraf edirəm ki, spirtli içki olan dünən saat 19:00 radələrində pivə içmişəm” məzmununda izahat yazmışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə hesab edir ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Onun ilkin olaraq yoxlandığı alkotestin nəticəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin alkotestin (0,547 promilli) nəticəsi, tərtib edilmiş protokol, öz izahatı və digər sübutlarla təsdiq edilir. Buna görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib barəsində müvafiq tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar