Məhkəmə qərarları › İş №3(008)-36/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-36/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-36/2023 05.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, 03 fevral 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan- X1 xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müvafiq qaydada məlumat verilsə də, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən X3 bildirdi ki, o, xx.xx.2021-ci il tarixdə Kürdəxanı ərazisində yerləşən təbii göl hövzəsində avtomobilinin yanında dayandığı vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona yaxınlaşaraq nə üçün orada dayandığı soruşduqda o, cavabında təbiət çox sevdiyini, göl kənarlarına və təbiətin gözəl güşələrinə gəzməyə çıxdığını bildirmişdir. Daha sonra onlar avtomobildə ov silahının olub-olmadığını soruşmuş və o cavab olaraq avtomobilində ov silahının olduğunu bildirmiş, sənədlərini göstərmiş, əməkdaşlar isə heçnə demədən getmişlər. Daha sonra məlumatı olmuşdur ki, onun barəsində İXM-nin 272.3-cü maddə ilə barəsində protokol tərtib edilmişdir. Hadisənin baş vermə tarixi xx.xx.2021-ci il göstərilsə də, qərar 1 il keçəndən sonra, yəni xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bununla yanaşı idarə əməkdaşları tərəfindən inzibati protokol 7 ay sonra Səbail rayon icra şöbəsinə göndərilmişdir. O, həmin ərazidə ov silahından hər-hansı bir məqsəd üçün istifadə etməmişdir. Göstərilənlərin nəzərə alınaraq buraxılmış müddətin üzrlü hesab edilərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X3 barəsində xx.xx.2021 -ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tınbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Belə ki, İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1 -ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsin faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmamasını və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsini, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını, eləcə də X3 barəsində Azərbaycan Respublikası İXM- nin 272.3-cü maddəsi ilə inzibati xətanın törədilməsini müəyyən edən sübutlar aşkar edilməməsini, bundan başqa qərara foto şəkil və ya videoçəkiliş əlavə edilməməsi, X2 təqsirinin sübuta yetirilməməsini nəzərə alaraq hesab edir ki, barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli, səlahiyyətli orqan tərəfindən işin icraatı üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan aparıldığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 -ci maddələrini rəhbər tutaraq,, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar