Məhkəmə qərarları › İş №3(008)-36/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-36/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-36/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 12 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 28 oktyabr 2024-cü il tarixində Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən “Lava Hamamı” fəaliyyətdə olan zaman atmosfer havasına atılan zərərli maddələrin miqadarının yol verilən normativlərdən artıq olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək, onlarda odun peçinin olmadığını, həmin şəkillərin köhnə şəkillər olduğunu, buna görə də onlar aprel ayında inzibati qaydada cərimə edildiklərini, ölçmə aparatının sertifikatının olmadığını əsas gətirərək inzibati tənbeh tətbirinin tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinın məsləhətçi müfəttişi X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 28 oktyabr 2024-cü il tarixində Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən “Lava Hamamı” fəaliyyətdə olan zaman atmosfer havasına atılan zərərli maddələrin miqadarının yol verilən normativlərdən artıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 12 dekabr 2024-cü il tarixli 88494 nömrəli Aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Çağrı Mərkəzi”nə Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayan vətəndaş Xalidə Qaralova tərəfindən ünvanlanmış “Binanın qarşısında fəaliyyət göstərən obyektdən kimyəvi maddələrin iy-qoxusu gəlir. Həmçinin tüstü ətarfı bürüyüb. Tədbir görülməsi xahiş olunur.” məzmunlu müraciətdə qeyd olunanlar X7 Monitorinq İdarəsinin iaşə obyektinin nümayəndəsi Emin adlı şəxsin və şikayətçinin işitrakı ilə tərəflərindən yerində araşdırılmalıdır. Araşdırma müddətində şikayətçi Xalidə Qaralova və həmin binanın digər sakinləri şifahi olaraq yaşadıqları binanın arxasında yerləşən iaşə obyektindən gələn kimyəvi maddələrin iyqoxusundan və binanın bacasından çıxan tüstüdən şikayətçi olduqlarını bildirmişlər. Sabunçu rayonu, ünvan 3 ünvanında fəaliyyət göstərən “Lava Hamam”a keçirilən baxış zamanı hamam daxilində odun sobasından istifadə edildiyi, lakin hamamda qaz-toz qurğusunun olmadığı və sözügedən hamamın VÖEN ********** ilə fəaliyyət göstərdiyi və Şəxs MMC-yə aid olduğu müəyyən edilmişdir. Sözügedən ünvanda xx.xx.2024-cü il tarixində X7 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən “Lava Hamam”ı fəaliyyətdə olan zaman atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə Ankat 64M3-04 səyyar cihazı vasitəsilə analiz ölçmə işləri aparılmışdır. Nəticəyə əsasən dəm qazı (CO)-6.7 mq/m3 (norma 5mq/m3) təşkil edərək, ətraf mühit üçün yol verilən qatılıq həddi daxilindən artıq olduğu müəyyən edilmişdir. Aşkar olunmuş faktla bağlı idarə tərəfindən “Lava Hamamı”nın rəhbərliyinə inzibati araşdırmada iştirakı ilə bağlı xx.xx.2024-cü il tarixli 6-BM/2624-973 nömrəli məktub göndərilmiş, lakin məsələyə münasibət bildirilməmiş və araşdırmada iştirak etməmişdirlər. Ərazidən çəkilmiş fotoşəkillər və toplanmış sənədlər akta əlavə olunur; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 28 oktyabr 2024-cü il tarixli 002637 nömrəli Aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvan 5 ünvanında yaşayan Qaralova Xalidə tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli İD 26640 nömrəli “binanın qarşısında fəaliyyət göstərən obyektdən kimyəvi maddələrin iy-qoxusu gəlir. Həmçinin tüstü ətrafı bürüyüb” məzmunlu müraciətlə əlaqədar Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində faəliyyət göstərən “Lava Hamamı”nın ətraf ərazisində XKFMİ-nin baş mühəndisi Rüstəm Əsgərov 11 saylı rəisinin baş məsləhətçi müfəttişi Sakit Quliyev məsləhətçi müəfttiş Emin adlı şəxsin iştirakı və şikayətçi Qaralova Xalidənin iştirakı ilə sabit hava şəraitində saat 17:00-dan 18:00-dək monitorinq keçirildi. Monitorinq zamanı məlum oldu ki, hamamda yanacaq növü kimi odundan istifadə olsunsa da qartor tutucu təmizləyici qurğu quraşdırılmamışdır. Monitorinq ölçmə yaxınlığında təxminən 7-10 metr məsafədə Ankat 64M3-04 səyyar cihazı vasitəsilə aparılan ölçmənin nəticələrinə görə həmin ərazidə (CO)-6.7 mq/m3 (norma 5mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır; OMS K 08666 nömrəli Kalibrləmə Sertifkatından görünür ki, Ankat-64M3-04 səyyar cihazına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə Kalibrləmə Sertifkatı verilmişdir; “Lava” hamamının yerləşdiyi ünvan 6 ünvanından əldə edilmiş kassa çekindən görünür ki, həmin istirahət mərkəzi Şəxs MMC-ə məxsus olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək, onlarda odun peçinin olmadığını, həmin şəkillərin köhnə şəkillər olduğunu, buna görə də onlar aprel ayında inzibati qaydada cərimə edildiklərini, ölçmə aparatının sertifikatının olmadığını əsas gətirərək inzibati tənbeh tətbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərilən xüsusatlarla bağlı qeyd edir ki, təqdim edilmiş “Lava Hamamı”nın fotoşəkillərindən müəyyən edilmişdir ki, orada odun peçi və doğranılmış odun parçaları mövcuddur. Bundan başqa, izahatda qeyd edilən, təqdim edilmiş şəkillərin köhnə şəkillər olduğu, buna görə də onlar aprel ayında inzibati qaydada cərimə edildiklərini göstərməsi ilə bağlı qeyd edir ki, Şəxs MMC barəsində olan 3(008)-3516/2024 materiala məhkəmə iclasında baxış keçirilmiş, həmin şəkillərin eyni şəkillər olmadığı müəyyən edilmişdir. Həmçinin, ECO TERRA» MMC-nin nümayəndəsinin ölçmə aparatının sertifikatının olmadığını əsas gətirməsi ilə bağlı məhkəmə qeyd edir ki, OMS K 08666 nömrəli Kalibrləmə Sertifkatından görünür ki, Ankat-64M3-04 səyyar cihazına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə Kalibrləmə Sertifkatı verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Şəxs MMC-nin nümayəndəsi X1 izahatını özünü müdafiə xarakterli izahat kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-də atmosfer havasına atılan zərərli qaz qarışıqları miqdarı müəyyən etmək üçün Ankat 64M3-04 cihazı vasitəsilə ölçmə işləri aparılmış, nəticədə dəm qazı (CO)-6.7 mq/m3 (norma 5mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsulliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Məhdud Məsulliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10500 (on min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar