Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3668/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YNH üzrə inspektoru, polis leytenantı X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Astrxanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bağlar massivi, nömrəsiz fərdi evdə yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sabunçu RPİ DYPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs sürücülük hüququ olmadan xx.xx.2025-cü il tarixdə, saat 19:00-da “Opel Meriva” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat qəsəbəsi, Q.Bayramov küçəsində, eyni əhəmiyyətli yolayrıcına daxil olarkən sağdan hərəkət üstünlüyünə malik olan “Toyota Aqua” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. Nəticədə avtomobillər zədələnmiş, sonuncu avtomobildə sərnişin qismində olan X7i yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.4cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sənan Hüseynov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığını bildirmiş, məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, “Opel Meriva” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəni nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etmişdir. Həmin avtomobil ilə taksi fəaliyyətini həyata keçirmişdir. 06 may 2025-ci il tarixdə saat təxminən 19:00 – də qeyd etdiyi avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Qurban Bayramov küçəsi ilə üzü qəsəbə istiqamətində nişanlanmayan yol ayrıcında iki istiqamətli bir zolaqlı yolda hərəkətdə olduğu zaman yolun sağ hissəsindən gələn “Toyota Aqua” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən hərəkətinə davam edən zaman qeyd etdiyi avtomobil ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa sağ qapı hissəsindən vuraraq yol nəqliyyat hadisəsi baş vermişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ailəlidir, himayəsində azyaşlı uşaqları vardır, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən yüngül cəza verməyini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ilə telefon vasitəsilə əlaqə saxlanılmış və sonuncu bildirmişdir ki, 06 may 2025-ci il tarixdə saat təxminən 19:00 radələrində qonşusu X4 idarə etdiyi “Toyota Aqua” markalı, **-UP-*** d.q.n-lı avtomobil Sabunçu rayonu, Zabrat qəsəbəsi, Novruz küçəsində hərəkətdə olduğu zaman yol ayrıcında ona yolun sol tərəfindən gələn “Opel Meriva” markalı, **-DU-*** d.q.n-lı avtomobil yol verməmiş və nəticədə avtomobillər ön hissədən toqquşmuşdur. Hadisə zamanı o, baş nahiyəsindən xəsarət almışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 940 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 göz almasının ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözsuyuətrafı nahiyənin və alın nahiyəsinin qançırları, alın və burun nahiyəsinin əzilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədovun xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, vətəndaş X2 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2025-ci il tarixli, 2/25530 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. DİN DYP web portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məkəmə Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. AR İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 332.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Məhkəmə, Şəxs törədilməsi istinad olunan inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirini tətbiq etməklə inzibati tənbehin məqsədlərinə çatmaq mümkündür. AR İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan həmin hissədə material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130 -cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-3668/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3668/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver