Məhkəmə qərarları › İş №3(008)-370/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-370/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-370/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Zeynallı Günay Amin qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Cavid Həsənovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci ildə saat 14:05 radələrində Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Cavid Həsənov izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmətdə olarkən L.Məmmədli küçəsində 2(iki) nəfər şəxsin özünü şübhəli apardığını görərək onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Verilən suallara qeyri-səmimi cavab verdikləri üçün onları 13-cü PŞ-nə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxslər X2 və Şəxsdur. Şəxs bölmədə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir və bunun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, deyilənlər doğrudur. Mütəmadi olaraq deyil də, bəzən istifadə etdiyini bildirmişdir. Daimi istifadəçisi deyil. Törətdiyi əməldən səmimi peşmandır. Bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verir. Həmçinin müharibə veteranı olduğunu söyləmişdir. Göstərilən halları və peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 235 saylı, 16 yanvar 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Şəxs narkotik vasitədən istifadə etdiyi müəyyən edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Həmçinin Şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Respublika Narkoloji Mərkəzin 16 yanvar 2025-ci il tarixli 235 nömrəli rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Bakı Şəhər Sabunçu RPİ-nə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, dərhal məhkəmə iclas zalından azad edilsin, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Bakı Şəhər Sabunçu RPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar