Məhkəmə qərarları › İş №3(008)-372/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-372/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-372/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən EQ 25271671 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən EQ 25271671 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırmışdır ki, EQ25271671 saylı protokolu və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli qərar ilə 100 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməyi ilə bağlı elektron sistemdə qərarlı kimi qeyd edilsə də qərar ona təqdim edilməmişdir. Qeyd edir ki, Quba rayonu ərazisində nəqliyyat vasitəsini idarə edərkən əsassız və qanunsuz olaraq cərimə edilmişdir, guya o, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Halbuki getdiyi yolda nə yolun əks istiqamət olması barədə nişan, nə də qoşa xətt olmuşdur. Bütün bu əlamətlər olmadığı halda o, hardan bilə bilər ki bu qarşı yoldur? Dövlət orqanlarının lazımı yerlərə nişan yerləşdirməməsi və qoşa xətti çəkməməsinə görə məsuliyyəti vətəndaş daşımalı deyil. Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Quba şəhərində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxdığı üçün cərimələnmişdir. Həmin vaxt əks istiqamətli hərəkət zolağı boş olmuşdur. Onun oraya çıxıb ötmə əməliyyatı aparmasına heç bir maneə olmamışdır. O, ötmə əməliyyatını apardıqdan sonra yenidən əvvəlki zolağa qayıdıb yoluna davam etmişdir. Məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vətəndaşın elektron kabinetinə yerləşdirilmiş cərimələr barədə məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə EQ saylı 25271671 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar əsasında X4 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- səksən manat məbləğində cərimə edilir X4 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, onun idarə etdiyi avtomobil ötmə əməliyyatını həyata keçirmək üçün əks istiqamətli hərəkət zolağına keçmiş və ötmə əməliyyatının həyata keçirilməsi üçün həmin yolda ona hər hansı maneə olmamışdır. Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunun 51-ci maddəsinin 1—ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Həmin maddənin 2-ci hissəsinə əsasən ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Həmin maddənin 5-ci hissəsinə əsasən nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); piyada keçidlərində — piyadalar olduqda; dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; ötən və ya yanından keçən nəqliyyat vasitəsini; yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; tunellərdə qadağandır. Qanunun tələbindən də göründüyü kimi əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatının həyata keçirilməsi qadağan deyil. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq və ötmənin sonunda sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Şikayətçi tərəfindən təqdim olunmuş foto şəkillərdən də görünür ki, sürücü əks istiqamətli hərəkət zolağına çıxarkən heç kimə mənaə yaratmamış və həmin yol ötmə əməliyyatının həyata keçirilməsinə kifayət edəcək qədər boş olmuşdur. Sadəcə foto şəkillərdən sürücünün yenidən öz hərəkət zolağına qayıtması görünmür. Belə ki, fotoşəkil yalnız əks istiqamətli hərəkət zolağına çıxılan anı əks etdirir, avtomobilin sonrakı hərəkət istiqamətini əks etdirməyindən və protokol tərtib edən orqan tərəfindən də sürücünün sonrakı hərəkət vəziyyətini göstərən fotoşəkil və ya video təqdim edilmədiyindən onun həqiqətən ötmə əməliyyatının tələblərini pozub-pozmamasını müəyyən etmək mümkün olmamışdır.Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən EQ 25271671 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində EQ 25271671 nömrəli protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-cü maddəsi ilə inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən EQ 25271671 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar