Məhkəmə qərarları › İş №3(008)-3741/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3741/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3741/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev anar zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs-nin Azərbaycan Respublikasındakı Filiali barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 10 may 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs-nin Azərbaycan respublikasındakı Filialı 52550,97 ABŞ dolları məbləğində olan pul vəsaitini 19 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 52550,97 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 20 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 bəyannamələri təqdim edərək məhkəmə iclasında bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs tərəfindən 19 aprel 2021-ci il tarixdə köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 52550,97 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Həmin məbləğ qarşılığında məhsullar pulun köçürülməsindən 02 il müddət keçmədən ölkəyə gətirilmiş, MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. xx.xx.2021-ci il tarixli 400,000 abş dolları avansın qalığı 52,550.97 abş dolları vəsait hesabına **********4297 saylı gömrük bəyannaməsi üzrə bağlanılmışdır. Odur ki, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 19 aprel 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs-NİN Azərbaycan Respublikasındakı Filialı tərəfindən 52550,97 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 19 aprel 2021-ci il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının qabaqcadan ödənişlər aparıldığı gündən 02 il müddət tamam olmasına baxmayaraq malları ölkəyə idxal olunmamış, xidmətləri göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğləri geri qaytarmamışdır. İnzibati xəta haqqında 10 may 2023-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı 52550,97 ABŞ dolları məbləğində olan pul vəsaitini 19 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 52550,97 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 20 aprel 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs-nin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış məktubdan görünür ki, **********4297 nömrəli gömrük bəyannaməsi üzrə 400,000 abş dolları avansın qalığı 52,550.97 abş dolları məbləğində vəsait hesabına bağlanıldığından inzibati xəta tərkibi yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs -nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Belə ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının hesabından 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara 52550,97 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin vəsait hesabına alınmış məhsullar 02 (iki) ildən artıq müddət keçmədən ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının 52550,97 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçmədən müvafiq gömrük bəyannamələrini banka təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar