Məhkəmə qərarları › İş №3(008)-3792/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3792/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3792/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, aliləli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Xətai rayonu, Əbilov küçəsi, 18/4A, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, smayılov Samir Niyazi oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və 8(008)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərini icra etməyərək ümumilikdə icra sənədi üzrə 1716 manat borcunu ödəməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəfindən aparılmış hesablama nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və 8(008)-334/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə Şəxs aliment borcu inzibati xəta haqqında protokolda 1716 manat qeyd edilsə də, bu gün borclu tərəfindən 600 manat ödəniş edildiyindən, 2(008)-850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata tərəfindən xitam veriləcəkdir. Bu isə o deməkdir ki, digər icra sənədi üzrə isə aliment borcu 1616 manat təşkil edir. Tələbkar borcun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, borcunu tam şəkildə ödəməməsi daimi iş yerinin olmaması ilə bağlıdır. Belə ki, əvvəllər rəsmi iş yeri olmuş və aliment ödənişləri onun əmək haqqından tutulmuşdur. Lakin 2024-cü ilin noyabr ayından işdən çıxarıldığından, maddi imkanı olmadığından alimenti tam şəkildə ödəyə bilməmişdir. Tanışlarından borc götürərək bu gün aliment borcundan 600 manat ödəniş etmişdir. Bir aya aliment borcunu tamamilə ödəyəcəkdir. Alimentin icrasından boyun qaçırmır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2(008)- 850/2017 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay 120 manat məbləğində sabit pul məbləğində alimentin, X3 üç yaşı tamam olanadək 100 manat vəsaitin X1 xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-850/2017 nömrəli, xx.xx.2017-ci tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Sabunçu Rayon Məhkəməsi tərəfindən 23.04..2025-ci il tarixdə verilmiş xx.xx.2025-ci il tarixli, 8(008)-334/2025 saylı icra vərəqəsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği 05 mart 2025-ci il tarixdən etibarən 2 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,03 misli miqdarında indeksassiya edilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.03..2025-ci il tarixli, 8(008)-334/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədlərinin birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-850/2017 saylı, xx.xx.2017-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(008)-334/2025 saylı icra sənədləri ümumi icraata birləşdirilmişdir. Ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 600 manat ödəniş həyata keçirilmişdir. Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.03..2025-ci il tarixli, 8(008)-334/2025 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə Şəxs ödənişlər etməsini, az miqdarda aliment borcunun olmasını, xx.xx.2025-ci il tarixə həyata keçirilmiş ödənişlə 2 (008)-850/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin tam icra olunmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Şəxs aliment üzrə borc məbləğini tam ödəyə bilməməsinə baxmayaraq hissə-hissə də olsa ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qərarını icra etməməsi icra sənədinin icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirilə bilər. Hazırki halda isə icra məmuru tərəfindən tərtib olunan inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanın olmasını təsdiq edən hər hansı sübuta rast gəlinməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar