Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3796/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nicat Əliyevin, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarının dəyişdirilərək İnzibati xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsinə dair (İnzibati Xətalar Məcəlləsinin 192.1 və 193-cü maddələri) qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (bundan sonra - TƏBİB) tabeliyində olan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində həkim-terapevt vəzifəsində çalışır. O, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru X3 onunla bağlı qanunazidd hərəkətləri (eyni zamanda hərəkətsizliyi) və bunun nəticəsində əmək hüquqlarının pozulması ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyanın kompensasiya olunması məqsədilə 14 yanvar 2025-ci il tarixində elektron qaydada X10 Xidmətinə ərizə ilə müraciət etmişdir. Sözügedən müraciət həmin tarixdə **********170 nömrəli sənədlə qeydiyyata alınmışdır. Onun 14 yanvar 2025-ci il tarixli müraciəti əsasında, 15 yanvar 2025-ci il tarixdən etibarən X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsində araşdırmaya başlanılmışdır. Araşdırmanın icraçısı X4r. Araşdırmanın ilkin nəticəsi olaraq, DƏMX-nin Dağlıq Şirvan regional şöbəsi tərəfindən “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 17 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbirinin tətbiqi üçün müvafiq qərarın qəbul edilməsi məqsədilə bildiriş göndərilmişdir. Onun iştirakı və məlumatı olmadan (hər hansı bildiriş göndərilmədən, materiallarla tanışlıq təmin edilmədən) X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən 25 fevral 2025ci il tarixdə MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin birinci cümləsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hallarda inzibati xətalar üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi ilə çatdırılmalı, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən təqdim edilməlidir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Məcəllənin 62.2 və 62.2.1-ci maddələrinə uyğun olaraq, zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq hüququna malikdir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Bu şəxsin iştirakı olmadan işə yalnız aşağıdakı hallarda baxıla bilər: işə baxılmasının yeri və vaxtı barədə həmin şəxsə vaxtında məlumat verilməsi; işə baxılmanın təxirə salınması barədə vəsatətin təqdim edilməməsi və ya belə vəsatətin əsaslı səbəblərlə rədd olunması. Müraciəti əsasında aparılan araşdırmanın nəticəsində tərtib edilmiş 25 fevral 2025-ci il tarixli MN № ******* nömrəli qərarla “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 direktoru X9 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanması və ödənilməsi zamanı — yalnız riyazi hesablamalar nəticəsində yol verilən texniki nöqsanlar istisna olmaqla — yol verdiyi qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Lakin çıxarılan qərar tərəfindən ədalətsiz və qanunsuz hesab edilməkdədir. Belə ki, qeyd olunan cərimə tənbehi təyin olunarkən nə onun inzibati icraatda iştirak hüquqları təmin olunmuş, nə də faktiki törədilmiş qanun pozuntularının miqyası və xarakteri nəzərə alınmışdır. X7 vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onun əmək hüquq və azadlıqlarını kobud şəkildə pozmuş, eyni zamanda bir neçə inzibati xəta — İnzibati Xətalar Məcəlləsinin 192.1-ci, 192.4-cü və 193-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bu hallar X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən aparılan araşdırma materiallarında da öz əksini tapmışdır. X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində qəbul olunmuş 25 fevral 2025-ci il tarixli MN №1807898 nömrəli inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsaslara söykənmədiyi və qanunsuz olduğu qənaətinə gəlmək üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Belə ki, DƏMX-nin Dağlıq Şirvan regional şöbəsi tərəfindən X5 göndərilmiş 21 fevral 2025-ci il tarixli, 3-17-5/2-Q-15872/2025 nömrəli məktubun üçüncü abzasında açıq şəkildə qeyd edilir ki, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən şöbəyə xx.xx.2025-ci il tarixdə daxil olmuş məktub və əlavə sənədlər əsasında onun xx.xx.2022-ci il tarixdən etibarən terapiya şöbəsində həkim-terapevt vəzifəsində çalışdığı və bu əmək müqaviləsinin "Əmək və məşğulluq altsistemi"ndə qeydiyyata alındığı müəyyən olunmuşdur. Həmçinin, həmin məktubda göstərildiyinə görə, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024cü il tarixli 18-1-47/3-1-188/2024 nömrəli əmri ilə X5 poliklinika şöbəsində əvəzçilik üzrə 0,5 ştat həkim-onkoloq vəzifəsi müvəqqəti həvalə olunmuş, o isə bu vəzifəni xx.xx.2024-cü il tarixədək icra etmişdir. Bununla yanaşı, məktubda göstərilir ki, Əmək Məcəlləsinin 61-ci və 172-ci maddələrinin tələbləri pozularaq, bu əlavə əmək funksiyası üzrə əmək haqqı gecikmə ilə yalnız araşdırma dövründə – xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta tərkibinin yarandığı bildirilmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X15 direktoru X2 qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində əmək hüquqları kobud şəkildə pozulmuşdur. Baş vermiş pozuntularla bağlı X10 Xidmətinin Dağlıq Şirvan regional bölməsi tərəfindən araşdırma aparılmış və 25 fevral 2025-ci il tarixli, MN № ******* saylı İnzibati tənbehvermə haqqında qərarla X6 münasibətdə tədbir görülmüşdür. Həmin qərar X10 Xidmətinin 09 aprel 2025-ci il tarixli (iş № 3-17-5/1-Q-15364/2025) qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin qeyd olunan inzibati qərarlarda tətbiq edilmiş tənbeh tədbiri pozuntunun xarakterinə və ciddiliyinə mütənasib olmamış, qanunvericiliyin tələblərinə tam cavab verməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 2.1-ci (qanunvericiliyin üstünlüyü və təqsirli şəxsə ədalətli münasibət prinsipi) və 193-cü (əmək hüquqlarının pozulması ilə bağlı məsuliyyət) maddələrinin tələblərinə əsasən daha ciddi inzibati xətaya görə müvafiq sanksiyanın tətbiq olunması zəruridir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 3-17- 5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarının dəyişdirilməsi, İnzibati Xətalar Məcəlləsinin 2.1 və 193-cü maddələrinə uyğun olaraq X6 münasibətdə daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiyanın tətbiq olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nicat Əliyev bildirmişdir ki, X1 əmək hüquqlarının pozulmasına dair müraciətinə baxılarkən V.Rəhimov tərəfindən işçinin əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi faktı aşkar edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla V.Rəhimov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. M.Qədirov inzibati xəta haqqında iş üzrə xx.xx.2025ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Xidmət M.Qədirovun inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə xx.xx.2025-ci il tarixdə baxmış, inzibati tənbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, V.Rəhimov barəsində yerli orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq altsistemindən (bundan sonra-ƏMAS) əldə olunmuş məlumata əsasən M.Qədirov xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq həkim-terapevt vəzifəsi üzrə işə qəbul edildiyi məlum olmuşdur. ƏMAS üzərindən əldə edilmiş məlumatlara və iş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-137/2024 nömrəli əmrə əsasən məlum olmuşdur ki, M.Qədirov əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq xəstəxananın Poliklinika şöbəsində 0.5 ştat vahidi üzrə həkim-onkoloq vəzifəsinə qəbul edilmişdir. ƏMAS üzərindən əldə edilmiş məlumata əsasən M.Qədirovla xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a" bəndinə əsasən xitam verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə işəgötürən min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdə əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin əmək funksiyasına daxil olmayan işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi, habelə işçinin əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etməsi, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsi ilə bağlı tələbinin olması barədə işəgötürənə müraciətinə dair məlumat əksini tapmamışdır. xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-188/2024 nömrəli əmrdə xx.xx.2024-cü il tarixdən həkim-onkoloq vəzifəsinin müvəqqəti olaraq M.Qədirova həvalə edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü hissəsinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Lakin iş materiallarında olan həvalə etmə və onun qüvvədən düşməsi ilə bağlı əmrlərdən M.Qədirova boş vəzifənin əmək funksiyasının üç aydan çox müddətə həvalə edildiyi məlum olmuşdur. Belə ki, "İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-1884/2024 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-188/2024 nömrəli əmr (qəbul edilməsindən təxminən 10 ay sonra) qüvvədən düşmüş hesab olunaraq həkim-onkoloq vəzifəsinin icrası başqa şəxsə həvalə olunmuşdur. Göründüyü kimi, “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən Əmək Məcəlləsinin 61-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulsa da, qeyd olunan pozuntu ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh tədbiri nəzərdə tutulmamışdır. M.Qədirova həvalə olunmuş həkim-onkoloq vəzifəsi üzrə görülən işin müqabilində həmin dövrdə ödəniş almamış, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 573152 nömrəli “A” formatlı ödəniş tapşırığına əsasən ona ödənilməli olan 2254 manat məbləğində ödənişin gecikdirilərək yerli orqan tərəfindən aparılan araşdırma dövründə ödənildiyi məlum olmuşdur. Beləliklə, V.Rəhimovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunu törətdiyi tam olaraq sübuta yetirilmiş hesab olunur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir.. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Praktik tibb və ya əczaçılıq fəliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 045426 nömrəli 02 iyun 2022-ci il tarixli Sertifikasiya şəhadətnaməsindən görünür ki, X8 02 iyun 2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində Terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3145/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərardadından görünür ki, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidmətinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin direktoru X9 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-16-3/2- 7414/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli məktubundan görünür ki, X1 müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 61-ci maddəsi başqa işçinin əmək funksiyasının icrası ilə bağlı məsələləri tənzimləyir. Həmin maddədə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının və boş vəzifə üzrə əmək funksiyasının icrası halları fərqləndirilmişdir. Belə ki, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir və bu zaman əmək haqqı Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə isə işçinin razılığı ilə üç aydan çox olmayan müddətə yol verilir və bu zaman işçiyə boş vəzifə üzrə əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Göstərilən müddət bitdikdən sonra ya əvəzedici işçi razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, əvəzedici işçi razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Eyni zamanda qeyd edirik ki, Məcəllənin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində (əlavə iş yeri) əmək fəaliyyəti ilə məşğul ola bilər. Əsas iş yeri ilə yanaşı əlavə iş yeri üzrə də çalışan işçilərə münasibətdə Məcəllənin 61-ci maddəsinin fərqli şəkildə tətbiqi müəyyən edilməmişdir. Həmçinin Məcəllənin 9-cu maddəsinin birinci hissəsinin “ə” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri icra etdikdə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək işçinin əsas hüquqlarından biridir. MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. MN ******* nömrəli, 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X9 barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 18-1/2-Q- 16426/2-1-538/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, X1 “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə (Xəstəxana) əmək hüquqlarının pozulması haqqında xx.xx.2024-cü il tarixli “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış, Xəstəxanaya ünvanlanmış sorğuya cavab olaraq təqdim olunmuş təsdiqləyici və məlumat xarakterli sənədlərdən xx.xx.2024-cü il tarixində ona yazılı xəbərdarlıq verildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 292-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, işçi fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. "Əmək və məşğulluq altsistemindən (bundan sonra-ƏMAS) əldə olunmuş məlumatdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15də həkim-terapevt vəzifəsi üzrə işə qəbul edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “İsmayıllı Rayon Mərkəzi Xəstəxnası” X11 xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-137/2024 saylı əmrinə əsasən “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 Terapiya şöbəsinin terapevti X8 xx.xx.2024-cü il tarixdən müvəqqəti 03 (üç) ay müddətinə Poliklinika şöbəsinə əvəzçilik üzrə 0,5 ştat vahidi həkim – onkoloq vəzifəsinə təyin edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “İsmayıllı Rayon Mərkəzi Xəstəxnası” X11 xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-188/2024 saylı əmrinə əsasən “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15də həkim-onkoloq vəzifəsinin işlərinin icrası müvəqqəti olaraq xx.xx.2024-cü il tarixdən Terapiya şöbəsinin həkim-terapevti X5 həvalə edilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 "İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli 18-1-47/3-1-1884/2024 saylı əmri ilə xx.xx.2024-cü il tarixli 18- 1-47/3-1-188/2024 nömrəli əmr (qəbul edilməsindən təxminən 10 ay sonra) qüvvədən düşmüş hesab olunaraq həkim-onkoloq vəzifəsinin icrası başqa şəxsə həvalə olunmuşdur. xx.xx.2024-cü il tarixli sənədə əsasən, həkim-onkoloq vəzifəsinə xitam verildiyi “Əmək və məşğulluq altsistemi”ndə qeydiyyata alındığı halda, xx.xx.2024-cü il tarixli yeni həvalə əmrinə dair məlumatın həmin sistemdə qeydiyyata alınmaması rəsmi uçotun pozulması, əmək hüququ pozuntusunun gizlədilməsi və işəgötürənin məsuliyyətdən yayınması üçün atılmış addım kimi qiymətləndirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 62.2, 62.2.1 və 62.4-cü maddələrinə əsasən zərərçəkmiş şəxs, iş üzrə bütün materiallarla tanış olmaq, prosesdə iştirak etmək, mövqeyini bildirmək hüququna malikdir. Araşdırma materiallarına və təqdim olunan sənədlərə əsasən, X8 xx.xx.2022-ci ildən etibarən terapiya şöbəsində həkim-terapevt vəzifəsində çalışmış, lakin əmək haqlarının, məzuniyyət və ezamiyyə ödənişlərinin vaxtında ödənilməməsi müşahidə olunmuş, əlavə olaraq, xx.xx.2024-cü il tarixli əmrlə ona əvəzçilik üzrə 0,5 ştat həkimonkoloq vəzifəsi həvalə olunsa da, bu əmək funksiyası üzrə əmək haqqı yalnız araşdırma zamanı — xx.xx.2025-ci ildə ödənilmişdir. Bu, əməkhaqqının tam və vaxtında ödənilməsi və əvəzçilik üzrə əmək haqqının ödənişi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasıdır. Bu pozuntular həm faktiki, həm də hüquqi cəhətdən sənədlərlə təsdiq edilmişdir (xx.xx.2025-ci il tarixli məktub və əlavə sənədlər). İnzibati icraatın əsas prinsiplərindən biri prosessual hüquqların təminatı və müdafiənin effektivliyidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 62-ci maddəsində zərər çəkmiş şəxsin iş üzrə bütün materiallarla tanış olmaq, öz fikrini bildirmək, vəsatət qaldırmaq, sübut təqdim etmək, işə şəxsi iştirakla baxılmasını tələb etmək, qərarların surətini almaq hüquqları təmin olunmalıdır. Təqdim olunan məlumatlara əsasən, X5 bu hüquqlardan heç biri faktiki olaraq təmin edilməmişdir. O, nə iş üzrə materiallarla tanış edilmiş, nə də işə baxılmada iştirak etməyə dəvət olunmuşdur. Halbuki İXM-in 62.4-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Əgər şəxsə məlumat verilmədən işə baxılıbsa, bu qərarın legitimliyinə ciddi hüquqi zərbə vurur. Belə hallarda inzibati qərar hüquqi cəhətdən etibarsız hesab oluna bilər, çünki əsas maraqlı tərəfin iştirak hüququ pozulub. İXM-in 57.1-ci maddəsinə əsasən, inzibati sənədlər poçt vasitəsilə sifarişli şəkildə göndərilməli və ya şəxsən təqdim olunmalıdır. Əgər inzibati sənəd (qərar, bildiriş, protokol və s.) zərərçəkmiş şəxsə təqdim edilməyibsə, bu halda, həmin şəxs öz hüquqlarını müdafiə etmək imkanından məhrum olur, “eşidilmə hüququ” (audiatur et altera pars – hər iki tərəfin dinlənilməsi prinsipi) pozulur, bu isə inzibati hüququn fundamental prinsiplərinə ziddir və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı “ədalətli dinlənilmə” presedent hüququna da ziddir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 57.1-ci maddəsinə əsasən, inzibati icraat üzrə iştirakçılara sənədlər sifarişli poçt göndərişi ilə və ya şəxsən təqdim edilməli idi. Lakin zərər çəkmiş şəxsə (X5) inzibati tənbeh barədə qərar və digər materialların təqdim edilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X5 16 fevral 2024-cü il tarixindən etibarən həkim-onkoloq vəzifəsinin müvəqqəti icrası həvalə edilsə də, bu həvalə yalnız təqribən 10 ay sonra – 17 dekabr 2024-cü il tarixli əmr ilə, geri tarixə qüvvədən düşmüş hesab edilmişdir. Lakin bu cür geri tarixli sənədləşmə işçinin faktiki olaraq 10 ay müddətində həkim-onkoloq vəzifəsini icra etməsi faktını ortadan qaldırmır və əksinə, əmək qanunvericiliyinin və inzibati hüququn bir neçə ciddi pozuntusunu təsdiqləyir. İşçinin həmin müddət ərzində başqa bir vəzifənin vəzifə öhdəliklərini daşıması, lakin bunun hüquqi əsasının olmaması, əmək funksiyasının rəsmi sənədlə rəsmiləşdirilmədən yerinə yetirilməsi, əmək qanunvericiliyinin pozulması deməkdir. Eyni zamanda, əgər işçiyə həkim-onkoloq vəzifəsinə uyğun əməkhaqqı ödənilməmiş və ya əməkhaqqı fərqi gec ödənmişsə, bu hal əmək hüquqlarının — konkret olaraq, layiqli və vəzifəyə uyğun maaş alma hüququnun pozulması ilə nəticələnmişdir. Bundan başqa, bu kimi halların uzunmüddətli və sistematik xarakter daşıması (təqribən 10 ay ərzində davam etməsi), pozuntunun təsadüfi və texniki deyil, idarəetmədə ciddi səhlənkarlıq və ya məqsədli gecikdirmə nəticəsində baş verdiyini göstərir. Nəticə etibarilə, bu hallar göstərir ki, işəgötürənin yalnız 192.4-cü maddə ilə cərimələnməsi real hüquq pozuntularının miqyasını tam əks etdirmir. Ədalətli və qanuni hüquqi qiymətləndirmə üçün yuxarıda göstərilən məsələlərin yenidən araşdırılması zəruridir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 3-17-5/1-Q-15364/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3796/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3796/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver