Məhkəmə qərarları › İş №3(008)-3811/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3811/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3811/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru, Ramil Qurbanovun iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir və onun üzərindən psixotrop maddə aşkar olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru, X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 15 iyul 2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə ilə aşkar edilməsi ilə bağlı bildirir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. Hazırda müalicə alır. xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində istifadəsində olan **-TE-*** dövlət qeydiyyat nişanlı TOYOTA PRİUS markalı avtomobil ilə Nardaran qəsəbəsində 8-ci stasionar keçən zaman polis əməkdaşı yaxınlaşaraq özünü təqdim edib onu bölməyə dəvət etmişdir. 42-ci PBdə ona hüquq və əvəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən əynində olan cins şalvarının sağ yan cibindən ona məxsus içərisində “metamfetamin” adlanan psixotrop maddə olan 2 ədəd gümüşü rəngli, siqaret kağızına bükülü olan bükümü, Samsung markalı mobil telefonunu, 1 ədəd alışqanı, 1 qutu Vinçestr siqareti çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. “Respublika Narkoloji Mərkəzi” X2 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru, Ramil Qurbanov protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 15 iyul 2023-cü il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, barəsində cinaytə işinin başlanması rədd edilmiş, Şəxs AR İXM-nin 206-cı maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surəti 42-ci PB-nin rəisinə təqdim edilmiş, Şəxs üzərindən götürülmüş 01 ədəd zərfdə olan 0.114 qram metamfetamin Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 15 iyul 2023-cü il tarixli 4458 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MTD(+) aşkar olunur, narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru, Ramil Qurbanov tərəfindən tərtib edilmiş 15 iyul 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, narkotik maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «15» iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Şəxs üzərindən götürülmüş 01 ədəd zərfdə olan 0.114 qram metamfetamin məhv edilməlidir. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «15» iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Şəxs üzərindən götürülmüş 01 ədəd zərfdə olan 0.114 qram metamfetamin məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar