Məhkəmə qərarları › İş №3(008)-3813/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3813/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3813/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6673/2020 nömrəli, xx.xx.2020-cu il tarixli icra sənədindəki 8264.08 manat borcunun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən MN № ******* saylı, 17 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(103)-6673/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən hazırkı vaxta kimi 8264.08 manat borcdan 5150 manat ödəsə də, qalan borcunun ödənilməsindən yayınır. Bundan əlavə o, eyni icra vərəqəsindəki tələbin icra olunmaması ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-302/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə olunmuşdur. Ona görə də Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o hazırda işləmir. Lakin borcunu ödəməkdən də imtina etmir. Tərəfindən qalıq məbləğ hər ay hissəli şəkildə ödəniləcək. Ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında göstərmişdir ki, o qalan borcun birdəfəlik ödənilməsini istəyir. Şikayətçidir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6673/2020 saylı, xx.xx.2020-ci il il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 9764,8 manat pul və 30 manat dövlət rüsumu tutularaq X3 və X1 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(103)- 6673/2020 nömrəli, xx.xx.2020-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Şəxsnun Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli izahatın surətindən görünür ki, o Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(103)-6673/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən xəbərdardır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyats ızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, hazırki vəziyyətdə Şəxsnun əməlində İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunur. Belə ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsini 2(103)-6673/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə olan 8401,05 manat borcunun ödənilməsi ilə bağlı bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Bundan əlavə Şəxs icra sənədi üzrə qalan borcunu da hissə-hissə hər ay ödəməyə razıdır. Lakin belə olan halda Bakı Apellyasiya Məhkəməsini 2(103)-6673/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin icra olunmamasında qərəzliliyini ortadan qaldıra bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsnun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxsnun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar