Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3830/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis leytenantı Kənan Bəydəmirlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəlilov Tələt Gülağa oğlunun iştirakı ilə, 06.02.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, döngə 1, ev 18 ünvanında yaşayan – Cəlilov Tələt Gülağa oğlu Cəlilov Tələt Gülağa oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilov Tələt Gülağa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 18.06.2025-ci il tarixli MN seriyalı 1989975 №li və 18.06.2025-ci il tarixli MN seriyalı 1989974 №li inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 14.06.2025-ci ildə saat 23:45 radələrində Cəlilov Tələt Gülağa oğlu narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis leytenantı Kənan Bəydəmirli izahatında göstərmişdir ki, 14.06.2025-ci il tarixdə saat 23:45 radələrində inzibati ərazidə xidmətdə olan zaman Maştağa qəsəbəsi “Şəkər Qum” adlanan ərazidə 2 nəfər şəxsin onları görərkən özlərini şübhəli apardıqlarını müşahidə etmişlər, sorğu sual zamanı onlarında üzərində heç bir sənəd olmadığından verilən suallara qeyri səmimi cavablar verildiyindən narkotik vasitələrin istifadəsində şübhəli bilinərək hər iki şəxs araşdırılması üçün 14-cü Polis Şöbəsinə dəvət edildi. Nəticədə Cəlilov Tələt Gülağa oğlu 15.06.2025-ci il tarixdə saat 20:30 radələrində 14-cü PŞ-nin iş fəaliyyətini 30 dəqiqə pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır .Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinəyə aparılmışdır. Cəlilov Tələt Gülağa oğlu barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 18.06.2025-ci il tarixli MN seriyalı 1989975 №li və 535.1-ci maddəsi ilə 18.06.2025-ci il tarixli MN seriyalı 1989974 №li inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun həmin maddələr ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolları müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Cəlilov Tələt Gülağa oğlu izahatında bildirmişdir ki, narkotik vasitədən əvvəllər istifadə etmişdir. Bir müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. Polisin qanuni tələblərinə isə tabe olmuş, ona avtomobilə əyləşməsi bildiriləndə o, polisin qanuni tələbinə tabe olaraq polisin xidməti avtomobilinə əyləşərək Polis Şöbəsinə getmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 17.06.2025-ci il tarixli, 3597 nömrəli rəyindən görünür ki, Cəlilov Tələt Gülağa oğlunda psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlaətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Cəlilov Tələt Gülağa oğlu 03.03.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu RPİ-nin 14-cü PŞ-dən daxil olmuş olmuş 18.06.2025-ci il tarixli MN seriyalı 11989974 №li inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, 15.06.2025-ci il tarixdə saat 20:30 radələrində 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, 14-cü PŞ-nin inzibati binasında nizam-intizama riayət etməsi tələb olunsa da, Cəlilov Tələt Gülağa oğlu öz əməlləri ilə şöbənin iş fəaliyyətini 30 dəqiqə ərzində pozmuşdur. Sabunçu RPİ-nin 14-cü PŞ-dən daxil olmuş 18.06.2025-ci il tarixli MN seriyalı 1989975 №li inzibati xəta haqqında protokollardan görünür ki, 17.06.2025-ci il tarixdə keçirilmiş müayinə zamanı Cəlilov Tələt Gülağa oğlunda narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. “İnzibati qaydada tutma haqqında” AZA 018087 saylı, 17.06.2025-ci il tarixli protokoldan görünür ki, Cəlilov Tələt Gülağa oğlu 15 iyun 2025-ci il tarixdə, saat 00:30-da tutulmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək Cəlilov Tələt Gülağa oğlu barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, onun AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməli olması qənaətinə gəlir. Səlahiyyətli orqan tərəfindən Cəlilov Tələt Gülağa oğlunun AR İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirləndirilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir . 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir . 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Cəlilov Tələt Gülağa oğlu tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması və ya İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və müvafiq maddələrlə inzibati xəta haqqında protokolların tərtib olunmasına əsas olmuş raportlarda ümumi ifadələrə istinad olunmuş və raportlarda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Göründüyü kimi, polis orqanı tərəfindən Cəlilov Tələt Gülağa oğlu AR İXM-nin 535.1ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Cəlilov Tələt Gülağa oğlu tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Cəlilov Tələt Gülağa oğlu AR İXM-nin 535.1-ci maddəsi ilə təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. AR İXM-nin 206-cı maddəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 17.06.2025-ci il tarixli, 3597 nömrəli rəyindən görünür ki, Cəlilov Tələt Gülağa oğlunda psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlaətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Cəlilov Tələt Gülağa oğlu 03.03.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Şərh olunan əsaslara əsaslanaraq məhkəmə hesab edir ki, Cəlilov Tələt Gülağa oğlu AR İXM-nin 206-cı maddəsi ilə təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Cəlilov Tələt Gülağa oğlu tərəfindən AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Cəlilov Tələt Gülağa oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir və o, məhkəmə iclas zalında azad edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Cəlilov Tələt Gülağa oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin maddə ilə təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Cəlilov Tələt Gülağa məhkəmə iclas zalından dərhal azad edilsin. Səlahiyyətli orqanın diqqəti Cəlilov Tələt Gülağa oğlunun qanunsuz olaraq 48 saatdan artıq müddətdə tutularaq saxlaılmasına və bununla da AR İXM-nin 89.4-cü maddəsinin tələblərinin pozulmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3830/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3830/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver