Məhkəmə qərarları › İş №3(008)-3847/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3847/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3847/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 14.09.2021ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Ramana ŞTQ, Südçülük Sovxozu ünvanında yerləşən aptekdə 14 sentyabr 2021ci il tarixdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamının pozulduğu müəyyən olunmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 445.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də 14 sentyabr 2021-ci il tarixdə cəmiyyət barəsində MN ******* saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin cəmiyyətin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs MMC tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamının pozulduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs MMC-nə məxsus Bakı şəhəri, Sabunçu rayonu Ramana ŞTQ, Südçülük Sovxozu ünvanında yerləşən aptekdə 14 sentyabr 2021-ci il tarixdə təmsil etdiyi xidmətin əməkdaşları yoxlama apararkən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamının pozulduğu müəyyən olunmuşdur. Buna görə də cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib olunmuş protokolu müdafiə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə-səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 445.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar