Məhkəmə qərarları › İş №3(008)-3849/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3849/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3849/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, X3 qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərara görə AYNA tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə cərimələnmişdir. Onun barəsində hər hansısa bir cərimə olmadığı üçün səlahiyyətli orqana ərizə ilə məsələni aydınldaşdırmaq üçün müraciət etmişdir. Ona idarə etdiyi “Chevrolet Cruze” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilinə cərimə yazıldığı bildirilmişdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə (28 iyun 2024-cü il tarixədək qüvvədə olan redaksiya) əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.33-2-cü bəndinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyi adından idarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirlərinə aid edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli, 1464 saylı Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqanının adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişiklik edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin 1.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. “Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, publik hüquq münasibətlərində hətta dövlət orqanı ləğv edildikdə, publik hüquq münasibətləri xitam olunmur, belə ki, bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlət funksiyasının icraçısıdırlar. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onlar arasında hüquq varisliyi maddi hüququn keçməsi ilə deyil, hüquqi statusunun və səlahiyyətlərinin keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələləri tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanının (qurumunun) üzərinə düşən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, inzibati məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası hesab etmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə (28 iyun 2024-cü il tarixədək qüvvədə olan redaksiya) əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi törədilməsi ehtimal edilən X1 əməli üzrə tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbayan Respublikasının 16 dekabr 2022-ci il tarixli Qanununa əsasən həmin Məcəllənin 122.1-ci maddəsində “346.3” rəqəmləri “346” rəqəmləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İXM-in 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin vaxt qüvvədə olan maddələri pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı inzibati iş üzrə icraat aparan orqan tərəfindən inzibati xətalara dair hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz sayılmalıdır. Qanunsuz qərar isə heç bir hüquqi nəticə doğura bilməz və hər bir halda ləğv olunmalıdır. Məhkəmə, elə buna görə də, həmin qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı lazım bilmir. Çünki, müddət institutu əsas etibarilə inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının hüquq və qanuni mənafelərinin qorunmasına yönəldiyindən o, hüquq normalarının pozulması ilə qəbul edilmiş və qanunsuz olması müəyyən edilmiş qərarın ləğv edilməsinə mane olan hal kimi şərh edilə bilməz. Bunun əksi, qanunsuz olduğu müəyyən edilən qərarın qüvvədə qalmasına səbəb ola və icraatın ədalətliliyinə xələl gətirə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqe də buna uyğundur. Belə ki, Məhkəmə öz qərarlarında dəfələrlə göstərmişdir ki, prosessual qaydaları tətbiq edərkən məhkəmələr icraatın ədalətliliyini pozacaq həddən artıq formallıqdan çəkinməlidirlər (Valçli Fransaya qarşı, 2007, § 29; Evaggelou Yunanıstana qarşı, 2011, § 23). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar