Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-385/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X8, Hüquqi şəxs "xxxx" MMC-nin təsisçisi X9 iştirakları ilə, Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 25 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi vətəndaş X14 xx.xx.2023-cü il tarixdən 2023-cü ilin oktyabr ayınadək, vətəndaş X6 isə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri və bununlada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulduğu göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin X8 inzibati xəta haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X14 xx.xx.2023-cü il tarixdən 2023-cü ilin oktyabr ayınadək, vətəndaş X6 isə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin təsisçisi X10 izahatında bildirdi ki, vətəndaş X14 tərəfindən yanlış məlumat verilib, "xxxx" MMC şirkətin onlara aidiyyəti yoxdur və həmin şirkət uzun müddətdir ki, fəaliyyət göstərmir. Onların şirkətləri Şəxs MMC-dir ( VOEN: **********). Şəxs MMC 2023-cü ilin aprel ayından registrasiyadan keçib. Fəaliyyətləri oyun zallarının, oyun və oyuncaqların istehsalı ilə bağlıdır. Sənədləşmə prosesi davam etdiyi zaman ərzində X14 tərəfindən onlara usta taxtacı kimi xidmətləri təklif olunub. Sənədləri təsdiqlənənə qədər onlar həmin şəxsin təklifi ilə razılaşmışdırlar. Söz razılaşması əsasında istehsalat sirri yayılmaması üçün həmin şəxs onların ofisində oyunları istehsal edib təhvil verirdi. Təhvil verəndə sərbəst taxtacı usta kimi onlardan ödənişi alırdı. Vətəndaşın VOEN-siz işləməsi barədə və dövlət büdcəsinə vergilərdən və sosial ödənişlərdən yayınması barədə məlumatsızdırlar. Sənədləşmə prossesi bitdiyi zamanda bəlli olub ki Vüsal bəy VOEN açmaq istəmir və xidmət müqaviləsi bu səbəbdən təqdim edə bilmir. Onlar tərəfindən təklif olunub ki özünə ya VOEN açmalıdır ya da işçiləri kimi işləməlidir, əks halda oyunları ondan daha almayacayağıq. Razılaşmışdırlar ki, işçiləri kimi əməkdaşlıqları davam etsin. Lakin sənədləşməyə və iş müqaviləsinə çata bilməmişdirlər, çünki həmin ərəfələrdə ofislərinə kameralar çəkdirilib və X14 tərəfindən oğurluq faktları aşkarlanıb. Vüsal bəyə bundan xəbərli olmaqları bildirilmiş və daha əməkdaşlıq etmək istəmədiklərini söyləmişdirlər. Təklif etmişdirlər ki, oğurladığı əşyanı qaytarsın və axrınci düzəltdiyi oyunların qiymətinə uyğun ödənişini alsın, əks halda Hüquq və Mühafizə Orqanlara şirkətləri tərəfindən şikayət ərizəsi yazılacaq. Onlar telefon danışığı aparıb ona məlumat vermişdir ki, oğurladığı əşyanı qaytarılması üçün vaxt veririk və qaytardığı halda axırıncı oyunların ödənişi köçürələcək. Vüsal bəy bildirib ki, onlardan oğurladığını hədiyyə verib, hətta bir taxtacı kimi eynisini düzəldib. Onlara qaytarmaq fikri yoxdur Ona verdikləri vaxt ərzində əşyanı qaytarmaq yerinə onlardan şikayət etmişdir. Şirkət tərəfindən Vüsal bəy əşyanı qaytarmadığı halda məhkəməyə müraciət etmək qərarı veriləcəkdir. Kamera görüntülərini əlavə edirlər. Həmin bu vətəndaş taxtacı kimi indiyənədək ofislərinə yaxın ünvanda (ölçü götürmək məqsədi ilə, dəqiq adres istənilən vaxt təqdim olunacaq) özünə VOEN açdırmadan təzə bir sex işlədir, taxtacı kimi fəaliyyət göstərir və dövlət büdcəsinə ödənişlərdən və sosial ayrılmalardan yayınır. Onlara düzəltdiyi oyunları başqa şirkətə satır və TikTok səhifəsində paylaşır. X14 ümumiyyətlə onların işçisi olmamış, hər hansı əmək haqqı verilməmiş, digər şəxs Elnur Yusifov MMC-nin işçisi olsa da, onunla bağlanmış əmək müqaviləsi elektron sistemə yerləşdirilmiş, müqavilənin təsdiq edilməsi barədə bildiriş onlara gec daxil olmuş, lakin həmin dövr üçün vergi tutulması ayın sonunda tam olaraq ödənilmişdir, hazırki inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən X14 və X6 əmək və ya mülki-hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X6 izahatında qeyd etmişdir ki, bundan əvvəl etdiyi müraicətə əsasən "xxxx" MMCdə 04 yanvar 2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək texniki işçi vəzifəsində çalışmışdır. Müqaviləsiz çalışdığı dövrdə hər hansı yazılı əmək müqaviləsinə imza atmamışdır. Araşdırmaya təqdim edərək yeganə tələbinin xitamın əsasının dəyişdirilməsi və müqaviləsiz çalışdığı dövr nəzərə alınaraq son hesabın ödənilməsidir. İzahatında qeyd edir ki, müqaviləsiz çalışdığı dövrdə əmək haqqını həm nəğd, həm də nəğdsiz formada almışdır. Əmək haqqı onun şəxsi birbank kartı hesabına köçürülmüşdür. Müqaviləsiz çalışdığı dövrdə onu işə cəlb etmişdirlər. Bununla bağlı whatsapp yazışmaları vardır. X14 izahatında qeyd etmişdir ki, bundan əvvəl etdiyi müraicətə əsasən 2022-ci ilin avqust ayından 2023-cü ilin oktyabr ayına qədər "xxxx" MMC-də çalışmışdır. Müəssisənin faktiki ünvanı Xətai rayonu, S.Vəzirov 17D-də yerləşir. Onu işə cəlb edən X2 və yoldaşı olmuşdur. Bütün sənədləşmələr X1 adınadır. Əmək haqqının 1 ilini nağd formada almışdır. Lakin bunu təsdiq edəcək sənədi yoxdur. 1 ayını yəni 900 manatı birbank kart hesabına ödəmişdirlər. Bununla bağlı birbank kartındakı çıxarış və whatsapp üzərindən yazışmaları təqdim edir. Həmin vaxtda işlədiyinə dair sübutlar whatsapp yazışmaları, səs yazıları təqdim edir. Həmçinin tələbi ona sonuncu ayın sentyabr ayının əmək haqqının ödənilməsinə köməklik göstərilməsi və hüquqlarının müdafiə olunmasıdır. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bidirişinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X6 ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixdə isə Əmək müqaviləsinə xitam verilməsi barədə 2M15FEQ000800 nömrəli əmrdən görünür ki, “Texniki Struktur” bölməsində “Texniki İşçi” vəzifəsində işləyən X7 ilə bağlanmış 2M15FEQ000800 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70. “ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixdən xitam verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin təsisçisi X10 təmsil etdiyi hüquqi şəxsin inzibati xəta törətməsinin sübut olunmadığını, iş üzrə icraata xitam verilməli olduğunu bildirsə də, məhkəmə, hüquqi şəxsin nümayəndəsinin dəlilləri ilə razılaşmır və bunu aşağıdakılarla əsaslandırır. İlk olaraq məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən X14 və X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri onların izahatları və iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında qərar, inzibati materialda olan digər sənədlər sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X14 və X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-385/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-385/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver