Məhkəmə qərarları › İş №3(008)-3862/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3862/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3862/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin törətdiyi inzibati xəta barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* saylı, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunmuş EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs MMC-nin 3843223.25 Rusiya rublu məbləğində vəsaiti 11 may 2022-ci il tarixdə xaricə köçürməsi və 2 (iki) il müddət keçsə də, 3843223.25 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi qeyd olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Banka məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdarlıq edilsə də səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-29/2236-/24 saylı məktubundan görünür ki, Şəxs MMC tərəfindən aparılan qabaqcadan 3843223.25 Rusiya rublu məbləğində ödəniş günündən 2 (iki) il keçib, lakin ölkəyə idxalı təsdiq edən sənədlər (gömrük bəyannaməsi) təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 11 may 2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki Şəxs MMC tərəfindən 3843223.25 Rusiya rublu məbləğində vəsait müvafiq rekvizit üzrə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş və Şəxs MMC tərəfindən təqdim olunmuş ərizədən görünür ki Şəxs MMC-nin "xxxx" ASC-də rubl hesabından "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixində 3.843.223,25 Rusiya rublu 21/121 nömrəli müqavilə əsasında köçürülmüşdür. Həmin ödəniş əsasında "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixində **********6049 nömrəli YGB ilə 3.623.646,75 Rusiya rublu dəyərində mallar ölkə ərazisinə daxil olmuş, gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Rusiya Federasiyasının "xxxx" MMC ilə aralarında “Məhsul çatdırılması üzrə” 21/121 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə mövcuddur və illərdir mallar mütəmadi olaraq bundan əvvəl mövcud olan xx.xx.2022-ci il tarixli, 21/107 nömrəli müqavilə əsasında gətirilir. Bununla əlaqədar YGB-də müqavilə nömrəsi səhvən eyni şirkətlə olan bundan öncəki, yəni xx.xx.2022-ci il tarixli, 21/107 nömrəli müqavilə qeyd edilmiş və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 3.843.223,25 Rusiya rublu məbləğində vəsait məhz bu müqavilə əsasında köçürülmüşdür. Lakin xx.xx.2022-ci il tarixdə həmin 21/107 nömrəli müqavilə yenilənmiş və müqaviləyə 21/121 nömrəsi verilmiş, mallar da ölkəyə bi yeni müqavilə nömrəsi ilə gətirilmişdir. Müqavilələr arasında fərq yalnız Şəxs MMC-də xx.xx.2022-ci il tarixdə direktor dəyişikliyi ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixində **********6049 nömrəli YGB ilə 3.623.646,75 Rusiya rublu dəyərində qənnadı məmulatları, konfetlər və sair mallar ölkə ərazisinə daxil olmuş, gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Belə ki, iş materialları ilə Şəxs MMC-nin 3.843.223,25 Rusiya rublu məbləğində vəsaiti 11 may 2022-ci il tarixdə xaricə köçürməsi və həmin ödəniş əsasında "xxxx" MMCdən xx.xx.2022-ci il tarixində **********6049 nömrəli gömrük bəyannaməsi ilə 3.623.646,75 Rusiya rublu dəyərində mallar ölkə ərazisinə daxil olması, lakin 2 (iki) il müddət keçsə də, əksik qalan 219576,5 (3.843.223,25-3.623.646,75) Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 219576,5 Rusiya rublunın iyirmi faiz, yəni 43.915,3 Rusiya Rublu miqdarında (pozuntunun baş verdiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar