Məhkəmə qərarları › İş №3(008)-3862/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3862/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3862/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Şəxs Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində polisin qanuni tələbini pozaraq itələyib, “Siz kimsiniz?” ifadəsi işlədərək qaçmağa cəhd göstərmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində saat 18:30 radələrində yolda mobil telefon ilə danışarkən nalayiq ifadələr işlətməsi aşkar olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərərk barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində olan zaman telefonla dostu ilə danışarkən əsəbi olduğundan yüksək səslə dostunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını ictiami yerdə nalayiq ifadələr işlətməməsi ilə bağlı irad bildirərək onu nizam intizama dəvət etmişlər. O əsəbi olduğundan polis əməkdaşları ilə bir qədər kobud danışaraq onların kim olduğunu onun işinə müdaxilə etdiyini bildirmişlər. Bu zaman polis əməkdaşları onu bölməyə aparmışlar. Orada barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əməlindən peşmandır. Əsəbi olduğu üçün bu cür hərəkət etmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Şəxs Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində polisin qanuni tələbini pozaraq polis əməkdaşını itələyib, “Siz kimsiniz?” ifadəsi işlədərək qaçmağa cəhd göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-dən daxil olmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində saat 18:30 radələrində yolda mobil telefon ilə danışarkən nalayiq ifadələr işlətməsi aşkar olunmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İş materillarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Sabunçu RPİ-nin NMB-nin əməliyyatçıları tərəfindən tərtib olunmuş və Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində 2 saylı doğum evinin qarşısında olduqları zaman bir nəfər şəxs telefonla danışarkən mübahisə etdiyinin, nalayiq ifadələr işlətdiyinin və əhalinin kütləvi toplaşdığı yerdə ictimai asayişi pozduğunun şahidi olmuşlar. Bu zaman şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, vətəndaşdan küçədə sakitçiliyə riayət etməsini və ictimai asayişi pozması barədə xəbərdar etmişlər. O buna baxmayaraq polisləri görməzdən gəlmiş, yenidən mobil telefonla danişarkən bərkdən söyüş işlətməyə başlamışlar. Onlar həmin şəxsi dəfələrlə intizama dəvət etsələrdə polis əməkdaşlarının qanuni tələblərinə tabe ollmamış və onları əli ilə itələyərək “Siz kimsiz ki mən sizə tabe olmalıyam, nəyi nə cür istəyirəm o cür də edəcəyəm, heç kim mənə qarışa bilməz” kimi ifadələr işlətməyə başlamışdır. Bundan başqa ona qanuni tələbə tabe olmadığına görə fiziki güc tətbiq etdikdə müqavimət göstərmiş, xidməti avtomobilə əyəşməmiş, polislərin də ünvanına nalaiq ifadələr işlətmişdir. Sonda isə polis şöbəsinə gətirilmişdir. Həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əməlindən peşman olması, ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici halları nəzərə alır və hesab edir ki, Şəxs inzibati həbs tətbiq etmədən tənbehin məqsədinə çatılması mümkündür. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi inzibati xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsinə görə həmin maddənin sanksiyasında nəzərdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar