Məhkəmə qərarları › İş №3(008)-389/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-389/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-389/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 Şəxs MMC-nin nümayəndəsi, vəkil X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC İD ********* nömrəli müraciətdə idxal olunan araxis (yer fındığı) məhsulu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 140 nömrəli qərarında qeyd olunan müddət ərzində təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən aflatoksin B1 miqdarının normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X4 göstərmişdir ki, protokol tərtib olunarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Cəmiyyətin nümayəndələri tərəfindən idxal olunan məhsul məhv edilərkən Nazirlər Kabinetinin 198 saylı qərarının tələbləri pozularaq Agentliyin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Tərtib olunmuş protokolu müdafiə edərək təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi, vəkil X5 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs MMC barəsində tərtib edilmiş protokolla razı deyil. Hesab edir ki, onlar tərəfindən inzibati xəta törənməmişdir. Tərtib olunmuş protokolun təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs MMC İD ********* nömrəli müraciətdə idxal olunan araxis (yer fındığı) məhsulu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 140 nömrəli qərarında qeyd olunan müddət ərzində təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən aflatoksin B1 miqdarının normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 20 saylı qərarın tələblərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli 140 nömrəli qərardan görünür ki, məhsulun utilizasiya edilməsi nəzərdə tutulduğu halda utilizasiya planı hazırlanaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 198 saylı qərarı ilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydasının 3.4-cü bəndinə əsasən utilizasiya və ya məhv edilən qida və yem məhsullarının həyat və sağlamlığa təhlükə yaratmaması üçün həmin məhsulların utilizasiya və ya məhv edilməsi prosesinə bu Qaydanın 3.7-ci və 3.12-ci bəndlərinə uyğun olaraq Agentlik nəzarət edir. Məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar