Məhkəmə qərarları › İş №3(008)-3894/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3894/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3894/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 03 İyun 2025-ci il saat 11:58-də Daxili İşlər Nazirliyinin Bakı Şəhər X7 İdarəsinin əməkdaşı X6 (əlaqə nömrəsi: +99*** *** ** **) şəxsi telefon vasitəsilə ona həmin Dövlət Qurumunun adından mesaj yollamışdır. Mesajda idarə etdiyi avtomobillə bağlı barəsində inzibati icraat başlanıldığını və idarənin 106-cı otağına yaxınlaşmağını xahiş etmişdir. Bundan sonra telefon danışığı həyata keçirtmişlər. 2025-ci il 19 May tarixində idarə etdiyi avtomobili əks istiqamətdə hərəkət etdirdiyini bildirmişdir. O, həmin zaman yolun əsas hərəkət hissəsində maneələr olduğun bildirmiş və və eyni yolun sonunda dairəyə çatdıqda, yol patrul əməkdaşı tərəfindən hərəkətin intevsivliyinin tənzimləndiyini, onlarla avtomobilin ağlabatan qərar verərək, məcburiyyət qarşısında əks istiqamətə çıxdığını və YPX əməkdaşının da bunu gördüyünü bildirmişdir. Həmçinin hadisə 15 gün öncə baş yermişdir. 11 İyun 2025-ci tarixində Asanpay portalında onun adına İXP ******* nömrəli inzibati xəta protokolu daxil olmuşdur. Protokol qanuna zidd olmaqla yanaşı, formal pozuntularla müşayiət olunmuşdur. Pozuntu ərazisi dəqiq göstərilməmiş, heç bir görüntü əlavə edilməmişdir. Belə olduğu halda onun barəsində tətbiq edilən cərimə qərarı əsassızdır. AR İXM-nin müvafiq maddələrinin pozulmasını əsas tutaraq protokolun və cərimə balının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, yolda maneə olduğu üçün o, əks istiqamətli hərəkət zolağına çıxaraq avtomobilini idarə etmişdir. Lakin maneənin nə olduğunu bilmir. Sadəcə ondan öndəki avtomobillərin maneə səbəbndən dayandığını görmüşdür. Digər avtomobillər də bu səbəbdən əks istiqamətli hərəkət zolağına çıxmışlar, o da həmin zolağa çıxmışdır. Ona görə hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar əsassızdır. Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş TP ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq qərarı tərtib etmiş Bakı şəhər X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 12 iyun 2025-ci il tarixdə X2 barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Bəşir Bünyadov ərazisində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhər X7 İdarəsi tərəfindən tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, X3 1.1 nişanlanma xəttinin tələbini pozaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Sürücünün həmin yolda maneənin olması səbəbi ilə əks istiqamətli hərəkət zolağına çıxması ilə bağlı mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, videogörüntüdən həmin yolda nəqliyyat vasitələri üçün maneənin olması müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-150 manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar