Məhkəmə qərarları › İş №3(008)-3900/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3900/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3900/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 16 avqust 1953-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehtiyev küçəsi, ev 22, mənzil 9-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı, 09 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən 50000 (əlli min) ABŞ dolları əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun zərərçəkmiş X1 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən MN № ******* saylı, 25 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərmişdir ki, borclu Şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı, 09 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən 50000 (əlli min) ABŞ dolları əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun zərərçəkmiş X1 xeyrinə tam ödənilməsindən yayınır. Borcun ödənilməsinin təmin edilməsi üçün tutma borclunun təqaüdünə yönəldilmişdir. Borc məbləği tam ödənilmədiyi üçün borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədi üzrə borcunu ödəməkdən imtina etmir, sadəcə olaraq hal-hazırda maddi vəziyyəti yaxşı deyil, heç bir yerdə işləmir. Hər ay pensiyasından pul tutulur. İcra sənədi üzrə borcunu hər ay hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı, 09 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən 50000 (əlli min) ABŞ dolları əsas borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun borclu Şəxs zərərçəkmiş X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarında olan “inkasso sərəncamları”ndan görünür borclu Şəxs 2023-cü ilin fevral ayından başlayaraq pensiyasından hər ay 163 manat pul tutularaq İcra Şöbəsinin depazit hesabına köçürülür. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-1207/2017 saylı, 09 fevral 2017-ci il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar