Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3901/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, 02 iyun 1981-ci il tarixdə Ermənistan, Masis rayonu, Zəngilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 13 iyul 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 13 iyul 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilmədiyini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibat işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 iyul 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, “Hyundai Sonata” minik markalı, 99TZ528 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən 02 iyun 1981-ci il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan Şəxs tərəfindən AR İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş iş materialları ekspertizaya göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə eskpertizasının aparılmasından imtina edilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli məlumatdan görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş məlumatlar tədqiqat aparılması üçün kifayət qədər olmadığından iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iş materiallarında olan izahatlarından görünür ki, onlar hər ikisi toqquşduqlarını bildirərək hadisədə konkret kimin təqsirli olmasını göstərməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, Şəxs tərəfindən AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında Şəxs tərəfindən AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarına sübut qismində yalnız hadisə yerinin polis əməkdaşı tərəfindən tərtib edilmiş sxemi və inzibati xəta haqqında protokol əlavə edilmişdir. Məhkəmə həmin sənədlərə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Hadisə yerinin polis əməkdaşı tərəfindən tərtib edilmiş sxeminə münasibətdə məhkəmə qeyd edir ki, həmin sxemin hansı mötəbər sübut əsasında tərtib olunmasını iş materialları ilə müəyyən etmək mümkün etmək deyil. Belə ki, həmin hal tərəflərin iş materiallarında olan izahatları ilə də müəyyən edilməməklə yanaşı, iş materiallarına hadisənin görüntüsünə dair də hər hansı sübut əlavə edilməmişdir. İnzibati xəta haqqında protokola gəlincə isə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol özü-özlüyündə şəxsin təqsirli olmasını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Hazırki halda inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti məhkəməyə aid olduğundan məhkəmə təqdim edilmiş inzibati xəta haqqında protokolu ittiham yönümlü sənəd kimi qəbul edir və həmin sənəddə göstərilən inzibati xətanın iş materialları ilə sübuta yetirilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “Məhkəmə eskpertizasının aparılmasından imtina edilməsi barədə” 07 sentyabr 2022-ci il tarixli məlumatdan da görünür ki, məhkəməyə təqdim edilmiş məlumatlar və sənədlər tədqiqatın aparılması və Şəxs təqsirli olub-olmamasının müəyyən edilməsi üçün kifayət qədər deyil. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda Şəxs AR İXM-nin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən bir dənə də olsun mötəbər sübut yoxdur. Məhkəmə qeyd edir ki , inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən, hazırda səlahiyyətli orqan tərəfindən iş materiallarına hər hansı mötəbər sübut əlavə edilmədiyindən məhkəmə hesab edir ki, bütün şübhələr Şəxs xeyrinə həll edilməlidir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və iş materialları ilə də Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.2-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.2-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətaların törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən həmin maddə ilə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən-Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-3901/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3901/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver