Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3913/2025 26.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs, polis baş leytenantı X5, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 26 iyun 2025-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin inzibati binasında şöbəyə dəvət olunduğu zaman, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bölmədə yüksək səslə bağıraraq ictimai asayişi pozmuş, polis əməkdaşlarına qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, o, 26 iyun 2025-ci il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin inzibati binasının dəhlizində şöbənin təhqiqatçısı İlqar Əsədovu küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Bu barədə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən MN № ******* saylı, 26 iyun 2025-ci il tarixli və MN № ******* saylı, 26 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X7 bildirdi ki, X2 müraciəti əsasında aparılan araşdırma nəticəsində X6 və Şəxs izahatlarının alınması və məsələ ilə bağlı açıqlama vermələri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət olunmuşlar. Təhqiqat prosesinin keçirildiyi otaqda vətəndaş Şəxs tərəfindən xidməti prosedura zidd olaraq gizli video çəkiliş aparmağa cəhd göstərildiyi müşahidə olunmuşdur. Bu səbəbdən, təhqiqatçı tərəfindən vətəndaşa mobil telefonunun idarənin növbətçi hissəsinə müvəqqəti təhvil verilməsi ilə bağlı qanuni tələblər izah edilmiş və bu tələb dinc şəkildə həyata keçirilməyə çalışılmışdır. Lakin həmin vaxt, X6 və Şəxs bu qanuni tələbi əsassız şəkildə şərh edərək, təhqiqatçının ünvanına emosional və aqressiv tonda iradlar bildirmiş, ardınca yüksək səslə qışqıraraq otaqda səs-küy salmış, ictimai asayişin və xidməti mühitin pozulmasına səbəb olmuşdur. Bundan əlavə, o, təhqiqatçıya qarşı təhdid və açıq-aşkar hörmətsizlik xarakteri daşıyan ifadələr səsləndirmiş, həmçinin təhqiqatçının ailə üzvlərinin ünvanına nalayiq, təhqiredici ifadələr işlətmişdir. Daha sonra hər iki vətəndaş Şəxs və X6 inzibati binanın dəhlizinə çıxarılmış, lakin oradakı davranışlarını daha da aqressiv formada davam etdirmiş, çoxsaylı polis əməkdaşlarının və digər vətəndaşların gözü qarşısında səs-küy salmaqda, nalayiq ifadələr işlətməkdə və söyüş söyməkdə davam etmişlər. Sözügedən davranış bölmə əməkdaşlarının və otaqda olan digər şəxslərin gözü qarşısında baş vermiş və bu hal müvafiq şəkildə sənədləşdirilmişdir. Şəxs bu hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə uyğun olaraq xırda xuliqanlıq və hakimiyyət nümayəndəsinin qanuni tələbinə hörmətsizlik əlamətləri daşıyır. Şahidlərin iştirakı ilə baş vermiş hadisə nəticəsində vətəndaş Şəxs barəsində məsələ ilə bağlı araşdırma materialları toplanaraq aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, X2 müraciəti əsasında aparılan araşdırma nəticəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə dəvət olunmuş, 26 iyun 2025-ci il tarixdə rəfiqəsi X6 ilə birlikdə polis şöbəsinə getmişdir. Təhqiqat otağına daxil olduğu zaman təhqiqatçı İlqar Əsədovun xidməti vəzifəsinin icrası zamanı, başqa bir şəxsin iştirakı ilə, şəxsi mobil telefon vasitəsilə X1 yazısını dinlədiyini müşahidə etmiş, təhqiqatçının səs yazısını dinləməsinə etiraz edərək səs yazısının dinlənilməsinə kəskin etirazını bildirmişdir. Lakin, təhqiqatçı İlqar Əsədov tərəfindən bu qanuni etiraz kobud şəkildə qarşılanmış, onlara qarşı etikadan kənar, qeyri-peşəkar və təhqiramiz davranış sərgilənmiş, otaqdan zorakı şəkildə çıxarılaraq dəhlizdə gözləmələri tələb olunmuşdur. O, gizli video çəkiliş aparmağa cəhd göstədiyi üçün təhqiqatçı tərəfindən mobil telefonunun şöbənin növbətçi hissəsinə təhvil verilməsi tələb olunmuş, video çəkilişi qanuni hesab etdiyi üçün telefonu şöbənin növbətçi hissəsinə təhvil verməkdən imtina etmişdir. Polis əməkdaşları ona güc tətbiq edərək telefonu əlindən almağa çalışmış, həmin vaxt, o, yerə yıxılaraq xəsarət almışdır. Dəhlizdə olduqları müddətdə təhqiqatçı tərəfindən X3 və onun onun ləyaqətini alçaldan ifadələr səsləndirilmiş, əsassız və təhqiramiz ittihamlar irəli sürülmüşdür. Həmin vaxt yaranmış emosional və psixoloji gərginlik, ona qarşı nümayiş etdirilən hörmətsizlik nəticəsində, yüksək səslə danışaraq təhqiqatçı İlqar Əsədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, şöbənin inzibati binasının dəhlizində təhqiqatçının hərəkətlərindən narazı qaldığı üçün emosional gərginlik vəziyyətinə düşmüş, lakin, öz emosiyalarını cilovlaya bilməyərək ictimai asayişin qorunmasına məsul olan polis əməkdaşının qanuni tələbinə tabe olmamış və qeyri-etik ifadələr işlətməyə davam etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnun Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan inzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs 26 iyun 2025-ci il tarixdə, saat 13:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxsnun törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cı və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə X4 şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cı maddələrinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 26 iyun 2025-ci il tarixdən, saat 13:00 radələrindən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №3(008)-3913/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3913/2025
26.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver